XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

08 Noyabr 2015 - 14:14

Rus “oyunpozanlığı”, ingilis çarəsizliyi və Bəşər Əsədin “min bir gecə” yuxuları

Açıqca söyləmək lazımdır: ruslarla razılaşmadığımız tək mövzu Əsədin gələcəyiylə bağlıdır. Biz – müttəfiqlərimizin əksəriyyəti və tərəfdaşlarımız, keçid mərhələsində Əsədin hakimiyyətdən getməsinin vacibliyinə inanarkən, ruslar hələ də “xeyr, Əsəd istəsə, gələcək prezident seçkisində də namizədliyini verə bilər” deyir”.

Strateq.az-ın bildirdiyinə görə, bu  sözlər İngiltərənin Xarici İşlər naziri Filipp Hammonda aiddir. Nazir BBC-yə verdiyi açıqlamasında İŞİD-in bitirilməsi və Suriyanın gələcəyi ilə bağlı bir çox məsələlərdə Rusiyayla ortaq fikirdə olduqlarını etiraf edib, razılaşmadıqları tək mövzuda isə Moskvanın çox israrlı olduğunu gizlətməyib. O, hətta çarəsizliyini efadə edərək bildirib ki, kaş, Suriya diktatoru bir səhər yuxudan oyanıb artıq bu cür davam etmək istəmədiyini deyərdi: “Əsədi bu qərarı verməyə razı salacaq bir nəfər var, o da Rusiya prezidenti Vladimir Putindir”.

Maraqlıdır ki, bu günə qədər “Əsədli keçid hökumət” qurulması təklifini irəli sürən Rusiya idi. Həm prezident Putin, həm Xarici İşlər naziri Sergey Lavrov səviyyəsində dilə gətirilən bu təklif Qərb ölkələri tərəfindən çətinliklə də olsa, qəbul edildikdən sonra Moskvanın birdən-birə mövqeyini dəyişdiyi, “Bəşər Əsəd istərsə, davam edə bilər” nöqtəsinə gəldiyi sezilir. Halbuki, müxtəlif kanallardan sızdırılan məlumatlarda Rusiyanın keçid dövrü tamamlandıqdan sonra Bəşər Əsədin gedə biləcəyi yer axtardığı və onun təhlükəsizliyinə təminat verilməsini tələb etdiyi bildirilirdi. Suriya məsələsini müzakirə edən dövlətlər ona Rusiya ərazisində sığınacaq verilməsini arzulasalar da, Moskva “birdən bu amildən mənə qarşı istifadə edərsiniz” deyə boyun qaçırırdı.

Görünən budur ki, artıq bu bəhanəyə də yer qalmadığından Rusiya Bəşər Əsədin hakimiyyətdən gedib getməməsini onun öz ixtiyarına buraxıb. Suriya diktatoru isə iki ayağını bir başmağa dirəyərək taxt-tacını əldən vermək istəmir. İngiltərə Xarici İşlər Nazirliyi əlacsız qalıb ümidini Bəşər Əsədin yuxularına bağlayıb. 300 minə yaxın vətəndaşı qətlə yetirilən, vətəninin böyük qismini itirən, vətəndaşları ölkəsindən didərgin düşən, Aralıq dənizində sulara qərq olan, Avropada sərgərdanlıq edən Bəşər Əsəd isə hələ də krallıq yuxuları görür.

Heydər Oğuz

Strateq.az