XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

09 Noyabr 2015 - 11:53

Prezident alimlərə çağırış etdi: “İndidən yeni strategiya üzərində işləmək lazımdır”

ilham amea.jpg

 

Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yığıncaqda iştirak edib.Dövlətimizin başçısı AMEA-nın ümumi yığıncağında nitq söyləyib.

Prezident İlham Əliyev yubiley münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Milli Elmlər Akademiyasının 70 il ərzində uğurlu yol keçdiyini, bu gün də ölkənin inkişafında fəal rol oynadığını, alimlərin öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verdiklərini, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyaların tətbiq edildiyini bildirdi. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində Akademiyaya münasibətin yaxşı olmadığını xatırlatdı. Diqqətə çatdırdı ki, o vaxtkı rəhbərlik qurumun fəaliyyətinə ehtiyac olmadığı qənaətində idi. Dövlətimizin başçısı yalnız mərhum  Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra elmə və elm adamlarına yüksək dəyər verildiyini və bu gün də bu sahənin prioritet istiqamətlərdən biri olduğunu vurğuladı.

ölkənin tərəqqisində alimlərimizin rolundan danışan Prezident İlham Əliyev yeni təhlükələr və təhdidlərin mövcud olduğu dünyada hər bir ölkənin öz daxili resurslarına arxalanmasının vacibliyini qeyd etdi. Bildirdi ki, dünyada sabitlik, sülh, əmin-amanlıq adası olan Azərbaycan da son illər ərzində neft-qaz amilindən asılılığı azaltmağa çalışır və buna nail olur.

“Əminəm ki, gələcək illərdə də ölkəmizin iqtisadi inkişafı davam edəcək,” – deyən dövlətimizin başçısı növbəti illərdə də iqtisadi inkişafın dayanıqlılığı istiqamətində səylər göstəriləcəyini, heç kəsdən asılı olmamaq üçün daxili resurslardan istifadə ediləcəyini vurğuladı.

Prezident İlham Əliyev dünyadakı yeni vəziyyətlə əlaqədar alimləri öz dəyərli təkliflərini verməyə çağırdı. Dövlətimizin başçısı demoqrafik inkişaf əsas götürülərək alimlərin indidən yeni strategiya üzərində işləmələrinin zəruriliyini qeyd etdi, onları qeyri-neft sənayesinin inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı fəal olmağa çağırdı. “Sənaye və kənd təsərrüfatı sahələri bizim gələcək inkişafımızı təmin edəcək”, – deyən Prezident İlham Əliyev bildirdi ki, kosmik sənayedə beynəlxalq əməkdaşlıq dərinləşməlidir. Dövlətimizin başçısı hərbi sənaye sahəsində də Azərbaycan alimlərinin fəaliyyəti üçün geniş meydanın olduğunu söylədi. Qeyd etdi ki, bu gün ölkəmiz mindən çox adda hərbi təyinatlı məhsul istehsal edir və Azərbaycan Ordusunun əsas təminatı daxili istehsal hesabına həyata keçirilir.

Prezident İlham Əliyev ölkə üçün strateji əhəmiyyət daşıyan neft-qaz sahəsində də alimlərin ən yeni texnologiyalardan istifadə etmək məqsədilə dünya təcrübəsi ilə tanış olmağa çağırdı. “Alimlər qarşısında duran vəzifələr çoxdur. Əsas istək odur ki, Azərbaycan elmi inkişaf etsin və ümumi inkişafımıza töhfəsini versin”, – deyən dövlətimizin başçısı humanitar elmlərin önəmini də vurğuladı. Bildirdi ki, multikulturalizm, Azərbaycan dilinin saflığının qorunması, zəngin tariximiz haqqında dünyaya daha dolğun məlumatın çatdırılmasında alimlərimiz fəal olmalıdırlar.

Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yubiley mərasimində iştirak etdiyinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi, bu günlərdə dövlətimizin başçısının Sərəncamı ilə alimlərin böyük bir qrupunun mükafatlandırıldığını söylədi və bunu elmə, alimlərə verilən yüksək qiymət kimi dəyərləndirdi. Akif Əlizadə Akademiya əməkdaşlarının 70 illik yubileyə əliboş gəlmədiklərini, dəyərli əsərlər hazırladıqlarını diqqətə çatdırdı. Akademiyanın prezidenti bir daha elmə və elm adamlarına göstərilən diqqət və qayğıya görə alimlər adından Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.