Bu gün Türkiyə gündəminin əsas mövzusu Atatürkdür. Böyükdən-kiçiyə hər kəs Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümünün 77-ci ilini həm kədər, həm də böyük şövq və sevgiylə yad edir.
Strateq.az xəbər verir ki, Rəcəb Tayyib Ərdoğanın hökümətə rəhbərliyi dövründə həbs ounan və həbsxanada Atatürklə bağlı kitab yazan Türkiyənin keçmiş Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ bu gün «Fox» telekanalının “çalar saat” proqramına qonaq olub.
Proqramın aparıcısı İsmayıl Küçükkaya bildirib ki, 10 noyabr Türk xalqı üçün yas deyil, Atatürkü anlama və anlatma günüdür.
Atatürkün Türk xalqı qarşısında xidmətlərindən, liderlik keyfiyyətlərindən danışan Başbuğ isə bu görkəmli şəxsiyyətin dəyərini kiçiltmək istəyənlərə də mesajını çatdırıb.
Başbuğ bildirib ki, Atatürkün önəmini azaltmağa çalışanlar buna heç vaxt nail ola bilməyəcəklər. Və Mustafa Kamal əbədi olaraq Türk xalqının qəlbində yaşayacaq: «Belə cəhdlər var. Amma nə etsələr də bacara bilməyəcəklər. Atatürk sevgisi Türk xalqının könlündə kök salıb. Bu sevgini oradan çıxara bilməzlər. Hələ getdikcə də artacaq. Amma sevmək azdır. Atatürkü anlamaq, miras qoyduğu dəyərləri yaşatmaq, onların arxasınca getmək lazımdır. Biz bunu gənclərimizə başa salırıq və başa salmağa davam edəcəyik».
İlkər Başbuğ ad çəkməsə də, bu tənqidlərin AKP hökumətinə ünvanlandığı açıq-aydın görünür.
General onu da bildirib ki, bəziləri (AKP-ni nəzərdə tutur-red:) Cümhuriyyət dəyərlərini kiçiltməyə, Osmanlı dəyərlərini isə böyütməyə çalışır: «Osmanlı da bizimdi, Cümhuriyyət də. Mən Baş Qərargah rəisi olanda Türkiyədə iki yerdə heykəl qoydurmuşdum. Biri Atatürkün, digəri Fatih Sultan Mehmetin heykəli idi. Türk xalqı olaraq bölməyə yox, birləşdirməyə çalışmalıyıq. Onların hər ikisi bizimdi və hər ikisinə sahib çıxmalıyıq».
Başbuğ Atatürklə bağlı olduqca maraqlı və illərdir mübahisə yaradan bir məqama da aydınlıq gətirib. Qeyd edək ki, AKP hökuməti cümhuriyyətçiləri həm də dinsizlikdə, məscidləri qapatmaqda və İslam əleyhinə addımlarda günahlandırır.
Başbuğ isə Atatürkün İslama qarşı çıxmadığını, Allahın sevimli qullarından biri olduğunu bildirir. General mətbuat müşavirinin xatirilərinə istinadən bunları deyib: «Son anlarında onun yanında olan bu şəxs yazır ki, Atatürk son nəfəsində bir neçə dəfə saatı soruşub. Ən son işlətdiyi söz isə «Əleykə əs-salam» olub».
Bu məsələni din adamları ilə araşdırdığını deyən general «Quran»dakı bir ayədə yaxşı insanların canını alarkən mələklərin onlara «Salam əleyküm» deyə müraciət etdiyini bildirib: «Ən-Nəhl» surəsinin 32-ci ayəsində deyilir – Onlar mələklərin «sizə salam olsun, etdiyiniz yaxşı əməllərə qarşılıq olaraq cənnətə girin» deyərək canlarını aldıqları kimsələrdir».