XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 November 2015 - 10:31

“Komitə rəhbərliyi dövlətə xəyanət edir, ya yox?” – Sabiq deputat prezidentə müraciət etdi

Sabir deputat, iş adamı Nazim Məmmədov ölkə prezidenti İlham Əliyevə müraciət edib.

Strateq.az-a daxil olan müraciətin surətində deyilir:

“Möhtərəm cənab prezident!

Son çıxışlarınızda sahibkarlığa dəstək nümayiş etdirirsiniz və buna görə təşəkkür edirəm. 2012-ci ilin iyul ayından bir qrup şəxs mənim də təsisçisi olduğum xarici investisiyalı “Atahan DS” MMC-yə basqın etmiş, istehsalı zorla dayandırmış, 150 nəfər işçini küçəyə atmışlar. Sonradan məlum olub ki, bu “qoçu dəstəsinin” arxasında “Baku steel company” MMC-nin prezidenti kimi təqdim olunan Rasim Məmmədov durur. 3 il ərzində polisə, prokurorluğa, məhkəmələrə etdiyimiz şikayətlər baxılmamış qalır, president.az saytına ünvanladığımız ərizələrə cavab verilmir. “Baku steel company” MMC-nin sifarişi əsasında Əmlak Məsələləri Dövlət Komitəsi müəssisəmizin 10 ildən artıq müddətdə istifadə etdiyi istehsal sahəsinə qanunla müəyyən olmuş qaydada şərait yaratmaqdansa, maneçilik törədir və nəticədə bizə külli miqdarda ziyan vurur.

Dəfələrlə vurğuladığınız kimi, “sahibkarlığa mane olanlar Azərbaycan dövlətinə xəyanət edirlər”.

Beləliklə, bizim qanuni fəaliyyətimizə mane olanlar, qoçu dəstəsi vasitəsi ilə çoxsaylı fəhlələri çörəkdən mərhum edənlər, sifariş yerinə yetirən dövlət komitəsinin rəhbərliyi Azərbaycan dövlətinə xəyanət edirlər, ya yox?

Bu suala cavab tapmaq üçün növbəti dəfə Sizə müraciət edirəm ki, 2012-ci ildə 20-dən yuxarı metal istehsalı müəssisəsinə hücum təşkil edənlər müəyyən olunsun, onlara havadarlıq edənlərin əhatəsi müəyyənləşsin, Azərbaycanın biznes reytinqinə ciddi ziyan vurmuş insanlar dövlət idarəçiliyindən kənarlaşdırılsın.

Hörmətlə,

Nazim Məmmədov, keçmiş millət vəkili”