Tacikistan Xarici İşlər Nazirliyi Rusiya hökumətinə nota verib. Rəsmi Düşənbə Moskvadan Tacikistandakı Rusiya hərbi bazasında xidmət edən rus əsgərlərin qarışdığı insidentlə bağlı izahat tələb edir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, rus hərbiçilər gənc tacik qıza təcavüz edərək öldürməkdə ittiham olunurlar.
Qızın cəsədi Rusiya hərbi bazası yaxınlıqdakı zibillikdən tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olub. Yaxınlarının dediyinə görə, qızın bədəni bölünmüş vəziyyətdə olub.
Tacikistan Daxili İşlər Nazirliyindən bildiriblər ki, öldürülməzdən əvvəl qızı qəddarcasına döyüblər və təcavüz ediblər.
Tacikistan XİN notanı Rusiyanın bu ölkədəki səfəri İqor Lyakin Frolova təqdim edib. Rusiya tərəfindən hadisəyə aydınlıq gətirmək və təcili tədbirlər görmək tələb olunur.
BBC-nin məlumatına görə, 22 yaşlı Şoira Cobirova Düşənbədəki kafelərin birində aşpaz köməkçisi işləyib. Rus hərbiçilər də tez-tez bu kafeyə yemək yeməyə gəlirmiş.
Qızının işdən evə gəlmədiyini görən anası İdigül Əzimova polisə müraciət edib və qətl hadisəsi belə üzə çıxıb.
Qətlin rus hərbiçilərlə bağlı olduğu isə gənc qızı taksi ilə aparan sürücünün izahatından sonra bəlli olub. Sürücü bildirib ki, hadisə günü taksidə Ş.Cobirova ilə yanaşı 4 rus hərbiçi də olub. Və onların hamısını Rusiya hərbi bazasının şəhərciyinə aparıb. Sürücünün dediyinə görə, qız yol boyu heç nə danışmayıb.
İstintaqın ilkin qənaətinə görə, qətli törədən baş leytenant İvan Şerbakovdur. Hadisə də onun hərbi şəhərcikdəki evində baş verib. Şerbakov Tacikistanda müqavilə əsasında işləyirmiş. Rus zabit ilkin ifadəsində həmin gün sərxoş olduğunu və heç nə xatırlamadığını bildirib.
Bu gün baza rəhbərliyi rus hərbiçinin həbsi xəbərini təsdiqləyib.