ABŞ müdafiə naziri Eşton Karter köməkçisini – Petaqonun baş məsləhətçisi general Ron Lyuisi vəzifədən kənarlaşdırıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, E.Karter «Reuters»ə general-leytenantın uyğunsuz hərəkətinə görə işdən kənarlaşdırıldığını bildirib.
Söhbətin nədən getdiyinə Pentaqon rəhbəri aydınlıq gətirməyib. Sadəcə onu bildirib ki, qovulmaya səbəb olan hərəkət barədə noyabrın 10-da xəbər tutub. Ayın 12-də isə generalla görüşərək söhbət edib.
Karter əlavə edib ki, bütün işçilərindən mümkün qədər ləyaqətli davranış gözləyir. Xüsusən də qurumda yüksək vəzifə tutanlardan.
50 yaşlı generalla bağlı Pentaqon daxilində təhqiqat başladılıb. Lyuis Eşton Karterlə 2009-cu ildən bu yana birgə işləyirdi. O, Əfqanıstan və İraqda ABŞ əsgərlərinə rəhbərlik edib.