XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2015 - 09:43

Banklarla bağlı qanun dəyişdi – Prezident imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Banklar haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Dəyişikliyə görə, aktivlərin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməlidir.

Həmçinin Prezident, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1355 IVQD nömrəli Qanununun tətbiqi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir – Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

– həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

– Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Bundan başqa, “Sığorta fəaliyyəti haqqında” və “İnvestisiya fondları haqqında” qanunlara edilən dəyişikliyə görə də, sığortaçının və Səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir.