Yaxın 3 saatda internet olmayacaq – “Delta Telekom”un paylayıcı şəbəkəsi yanıb
Azərbaycanda yaxın 3 saat ərzində internet olmayacaq.
Bunu ANS PRESS-ə açıqlamasına, Rabitə və Yüksək texnologiyalar nazirliyinin mətbuat katibi Müşviq Əmirov deyib. Onun sözlərinə görə, internet provayderi “Delta Telecom”un bir neçə internet paylayıcı xətti yanıb. “Hazırda hadisə yerində bərpa işləri gedir və yaxın 2-3 saat ərzində ölkədə internət bərpa olunacaq”, – deyə Müşviq Əmirov bildirib.
Xatırladaq ki, bu gün saat 16:00-dan sonra Azərbaycan ərazisinin əksər hissəsində internet əlaqəsi kəsilib. Təkcə kompüterlər deyil, mobil telefonlar vasitəsilə də internetə qoşulmaq mümkün olmayıb. Son 4 saat ərzində ölkədə internetin olmaması qlobal şəbəkə ilə işləyən bir çox sahələrdə durğunluq yaradıb. Əsasən problem mobil operatorlar və internet provayderlərin işini çətinləşdirib, bank əməliyyatlarının bir qismi dayandırılıb. Bir sıra bankomatlar və post-terminallar işləmir.