XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 June 2017 - 20:37

“Rəsmi Berlin Ankaraya “B planı”nı təqdim edəcək” –Alman nazir Ankaraya gedir

Almaniyanın xarici işlər naziri Siqmar Qabriel gələn həftə Türkiyəyə səfər edəcək.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin səfərinin məqsədi "İncirlk" hərbi bazasına səfər etmək istəyən alman deputatlara tətbiq edilən qadağa ilə bağlıdır: "Siqmar Qabriel Türkiyəyə yeni planla gələcək. O, əgər aradakı anlaşılmazlığı ortadan qaldırmağa nail ola bilməsə, rəsmi Ankaraya Almaniyanın "B planı"nı təqdim edəcək".

Türkiyə mediası həmin planın nədən ibarət olduğunu isə açıqlaya bilməyib: "Alman hökuməti hələlik bu planın detallarını gizli saxlayır. Ancaq bildirilir ki, bu plan da Ankara tərəfindən qəbul edilməsə, o zaman Almaniya İordaniya varinatını sürətlə gündəmə gətirəcək".

Xatırladaq ki, ötən ay Almaniyalı deputatların "İncirlik" hərbi bazasında olan hərbçilərə baş çəkmələrinə Türkiyənin icazə verməməsi, rəsmi Berlinin hədsiz narazılığına səbəb olub. 

Strateq.az bildirir ki, Almaniya Türkiyə ilə aralarında yaranmış yeni gərginliklə bağlı alternativ yollara əl atmağa başlayıb.

Belə ki, ötən ay Almaniyanın müdafiə naziri Ursula von der Leyen "İncirlik"dəki alman hərbçilərinin İordaniyaya köçürülməsi üçün "qolunu çırmalayıb". O, adıçəkilən ölkəyə səfər edib. Səfər zamanı İordaniya kralı Abdullahla görüşün ardından "Azraq" hərbi hava bazasına gedən alman nazir deyib ki, bazaya heyran qalıb:

"Bu hərbi hava bazasının olduqca böyük potensialı var. Burada isti qarşılandıq, böyük dəstək gördük. Bundan çox şadıq. İraqla Suriyanın sərhədində yerləşən İordaniyanın ABŞ-ın liderliyində olan İŞİD-ə qarşı koalisiyaya daxil olması da, "Azraq"ı Almaniya üçün cəlbedici edib".

Almaniyanın qadın naziri "İncirlik" hərbi bazası ilə bağlı Türkiyə ilə aralarında yaranmış gərginliyə də toxunub:

"Hələlik Almaniya son qərarını verməyib. Türkiyə ilə danışıqlarımız davam edir. Ancaq eyni zamanda, hərbçilərimizin köçürülmə ehtimalına da hazır olmaq məcburiyyətindəyik. Bizim üçün alman deputatlarının xaricdəki hərbçilərimizi ziyarət edə bilmələri kritik əhəmiyyət daşıyır".

Xatırladaq ki, bu, Türkiyə ilə Almaniya arasında "İncirlik" bazası ilə bağlı yaşanan ikinci böhrandır. 

Ötən il Bundestaqın uydurma "erməni soyqırımı"nı tanımasından sonra da Türkiyə alman millət vəkillərinin "İncirlik"i ziyarət etməsinə icazə verməmişdi.

Ankaranın son qadağasının səbəb kimi isə, Almaniyanın "Fətullahçı Terror Təşkilatı"na üzv olmaqda ittiham edilən türk hərbçilərə sığınacaq verməsi göstərilir. 

Qeyd edək ki, "İncirlik" hərbi bazası Türkiyənin Adana vilayəti ərazisində yerləşir və həm Suriyaya, həm də İraqa yaxındır.

Strateq.az