XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

03 İyun 2017 - 20:38

Nazir qalib polisləri mükafatlandırdı –Rütbə, “Fəxri fərman” və...

Bu gün Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov IV İslam Həmrəyliyi Oyunlarında uğurla iştirak edərək yüksək mükafatlar qazanan polis əməkdaşlarını, Daxili Qoşunların hərbi qulluqçularını və DİN İdman Cəmiyyətinin yetirmələrini qəbul edib. 

Strateq.az DİN-ə istinadən xəbər verir ki, mükafatçıları salamlayan nazir xalqımızın ümummilli lideri Heydər Əliyevin idmanı dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdiyini, ölkə gənclərinə və idmançılara diqqət və qayğını heç zaman əsirgəmədiyini, bu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirərək, nəticədə Azərbaycan idmançılarının dünyanın ən güclüləri sırasında yer aldığını, ölkəmizin beynəlxalq aləmdə idman dövləti kimi tanındığını diqqətə çatdırıb.

Qeyd olunub ki, 10 gün davam edən İslamiada bütövlükdə ölkəmiz üçün olduqca uğurlu keçib. İdmançılarımız bu Oyunlarda 75 qızıl, 50 gümüş, 37 bürünc medal qazanaraq komanda hesabında birinci olmaqla böyük tarixi qələbəyə imza ataraq xalqımıza qələbə sevinci bəxş ediblər. 

Nazir R.Usubov sözügedən beynəlxalq əhəmiyyətli tədbir ərəfəsində və keçirildiyi müddətdə dövlətimizin, şəxsən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın ali diqqəti və təşkilatçılığı sayəsində böyük bir fəaliyyətin ortaya qoyulduğunu, İslamiadanın Azərbaycan tarixinə möhtəşəm idman bayramlarından biri kimi düşdüyünü vurğulayıb, tədbir zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunduğunu məmnunluqla qeyd edib.

Sonra Azərbaycan Milli Komandasının tərkibində  ümumilikdə 9 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edən, bununla da ölkəmizin birincilik qazanmasına öz layiqli töhfələrini verən əməkdaşların mükafatlandırılması barədə daxili işlər nazirinin müvafiq əmri elan olunub. Qaliblərə növbədənkənar hərbi rütbə, DİN-in “Fəxri fərman”ları, “Xidmətdə fərqləndiklərinə görə” və “Əla xidmətlərinə görə” döş nişanları təqdim edilib.

Oyunların gümüş medalçısı, Sumqayıt ŞPİ-nin əməkdaşı, polis serjantı Tural Əliyev qalib idmançılar adından çıxış edərək onlara yaradılan şəraitə, göstərilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib, idmanımızın şöhrətinin bundan sonra da uca tutulması, bayrağımızın daim zirvələrdə dalğalanması üçün var qüvvələri ilə çalışacaqlarına söz verib.

İdmançıları, məşqçiləri, idman mütəxəssislərini “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri parlaq qələbə münasibətilə bir daha təbrik edən general-polkovnik Ramil Usubov onlara yeni, daha böyük uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, əməkdaşlarımız ölkə idmanının şərəfinin uca tutulması, göstərilən etimadın doğruldulması üçün bundan sonra da səylərini əsirgəməyəcəklər.