İraq təhlükəsizlik qüvvələri vaxtında duyuq düşməsəydi, İŞİD növbəti qanlı planını həyata keçirəcəkdi. Qruplaşma Kərbəla şəhərində partlayış törətmək üçün ağılagəlməz üsuldan istifadə edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt Bağdadın şimalında içərisində partlayıcı qurğuların olduğu 18 oyuncaq kukla tapılıb.
İŞİD bu kuklalarla terror aktını gələn ay – Hicri təqvimi ilə Səfər ayının 20-ci günündə milyonlarla şiənin Kərbəlaya ziyarətə gedəcəyi vaxtda həyata keçirəcəkdi. Həmin gün Aşurada olduğu kimi, Kərbəla şəhidləri anılır.
İraq polisi əhalini ehtiyatlı olmağa, ətrafda şübhəli şəxs və əşya görən kimi hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.