İyunun 10-da ictimai-siyasi xadim, Azərbaycanın mərhum energetika naziri, Əməkdar Mühəndis Natiq Əliyev son mənzilə yola salınıb.
Azərtac xəbər verir ki, vida mərasimində Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət rəsmiləri, deputatlar, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun cənazəsi Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzinin binasının matəmsayağı bəzədilmiş salonunda postament üzərinə qoyulmuşdu. Tabutun önünə Azərbaycan Respublikasının Prezidenti və Birinci vitse-prezidenti adından əklillər qoyulmuşdu. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Natiq Əliyevin həmkarları, dostları, tanışları, ictimaiyyətin nümayəndələri axın-axın Mərkəzin binasına gəlir, ictimai-siyasi xadim və gözəl insanla vidalaşırdılar.
Vida mərasimində çıxış edən Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov deyib ki, Natiq Əliyev hər kəsin qəlbində xalqına, dövlətinə şərəflə xidmət etmiş şəxs kimi qalacaq. O, Natiq Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, digər neft və qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynadığını qeyd edib.
SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə Natiq Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Natiq Əliyevin həmişə Azərbaycanın maraqları uğrunda çalışdığını vurğulayıb.
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev də Natiq Əliyevin mənalı ömür yolundan danışıb.
“Azərişıq” ASC-nin sədri Balababa Rzayev Natiq Əliyevin Azərbaycanın neft strategiyasının həyata keçirilməsində mühüm rolunu vurğulayıb.
Mərhumun oğlu Fərhad Əliyev atasının müalicəsi və həyata qaytarılması üçün göstərilən səylərə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Fərhad Əliyev atasının xatirəsini əziz tutaraq vida mərasimində iştirak edənlərə də minnətdarlığını bildirib.
Bununla da vida mərasimi başa çatıb, mərhumun cənazəsi son mənzilə yola salınıb.