XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

05 Aprel 2015 - 17:38

Milli Şura “Talana son!” mitinqi keçirdi – FOTOLAR

Bu gün – aprelin 5-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığında “Məhsul” stadionunda Milli Şuranın “Talana son!” adlı mitinqi keçirilib. Bakı Şəhər İcra Hakimiyyətilə razılaşdırılan etiraz aksiyası təyin edilən vaxtda – saat 15:00-da başladı.

Mitinqin aparıcısı bu dəfə AXCP Gənclər Komitəsinin sədri İlham Hüseynli idi. O, çıxışçılara söz verməzdən öncə, aksiya iştirakçılarına Milli Şura ilə birgə “Talana son!” dediklərinə görə minnətdarlıq etdi. “Biz hakimiyyətə etiraz edərək “Talana son” dediyimiz bir halda bunlar talana davam edirlər. Korrupsiya, rüşvət daha geniş vüsət alır…”

İlk çıxışçı AXCP sədri Əli Kərimli oldu. AXCP sədri bildirdi ki, hakimiyyət hər addımı ilə xalqın dərdinə yabançı olduğunu sübut edir: “Azərbaycanda hazırda pulsuzluq üzündən xəstəliklərini müalicə edə bilməyən, əməliyyata gedə bilməyən minlərlə xəstə var. Qazilər, şəhid ailələri onlara düşən pulları ala bilmir. Xalqın 8 milyardı xərclənəndən sonra məlum oldu ki, bir neçə ay sonra keçiriləcək yarışma sadəcə olara Avropa Oyunlarıdır.İlk Olimpiya Oyunları isə Berlin və Qlazqo şəhərlərində keçiriləcək”.

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli isə bildirdi ki, ölkədə iqtisadiyyat devalvasiyaya uğrayıb: “Elman Rüstəmov açıqlamasında bildirdi ki, Azərbaycan manatı deyil neft devalvasiyaya uğrayıb. Devalvasiyaya uğrayan manat, neft yox Azərbaycan iqtisadiyyatıdır. çünki bu iqqtisadiyyat sadəcə kağız üzərindədir”.

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə xalq hakimiyyətin yürütdüyü hazırkı siyasətə etiraz etməlidir. “Bütün məhrumiyyətlərə, əzablara sinə gələrərk bu rejimə qarşı apardığımız mübarizə sonda uğurla bitəcək. Azadlıq aşiqlərinə eşq olsun!”

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev isə çıxışında bunları deyib: “Bunlar ziyalılarımızı, jurnalistlərimizi həbs etdilər. İndi də cibimizə girirlər”.

Milli Şuranın üzvü Oqtay Gülalıyev çıxışında bildirdi ki, hakimiyyət heç bir günahı olmayan insanları şərləyib həbsə atıb. O, siyasi məhbuslara azadlıq tələb edib.

Sonuncu çıxışçı isə Milli Şuranın sədri Cəmil Həsənli olub. Coşquyla qarşılanan C.Həsənli çıxışında ölkədə iqtisadi vəziyyətin pisləşməsindən danışdı. O, ölkədə kredit faizlərinin çox olduğunu qeyd etdi. “ölkədə elə bir ailə başçısı yoxdur ki, bankdan kredit almasın. Azərbaycan xalqını bu kredit əsarəti altına salanlar cavab verməlidirlər”.

Saat 17:00-da Milli Şuranın mitinqi başa çatdı. Təşkilatçıların verdiyi məlumata görə, mitinqdə 10 min nəfər iştirak edib. Mitinqin sonunda eyni tələblərlə aksiyaların davam etdiriləcəyi bildirildi, ancaq növbəti aksiyanın konkret tarixi elan olunmadı.

Bakı Şəhər Baş Polis İdarəsinin məbuata verdiyi açıqlamada isə aksiyada 500 nəfərin iştirak etdiyi bildirilib.

Ramin DEKO

Strateq.az