XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

24 Noyabr 2015 - 15:02

“Ankara Kremlin bölgədəki artan hərbi fəallığına da göz yuman deyil” – Ekspert gərginlikdən danışdı
 
Məlum olduğu kimi, Türkmən dağı yaxınlığında Rusiyaya məxsus döyüş təyyarəsi Türkiyə qırıcıları tərəfindən vurulub.
 
Bu haqda ölkənin Silahlı Qüvvələri məlumat yayıb. Məlumata görə, Rusiyaya məxsus döyüş təyyarələri Türkiyənin hava sərhədini pozub və Türkiyə Silahlı Qüvvələri ölkənin hava sərhədini pozan təyyarəni vurub. 

Son hadisəni Meydan TV-yə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Elxan Şahinoğlu hesab edir ki, Türkiyənin Rusiyanın hərbi təyyarəsini vurması bölgədə yeni situasiya yaradır:

“Türkiyə ən azı iki dəfə Moskvanı xəbərdar etmişdi ki, Rusiya təyyarələri sərhədə yaxınlaşmasınlar. çünki iki dəfə sərhəd pozuntusu qeydə alınmışdı. Bəlli idi ki, Moskva üçüncü dəfə də Ankaranın xəbərdarlığını qulaqardına vursa, Rusiya təyyarəsi vurulacaq. Rusiya təyyarələri son zamanlar Suriyada İŞİD mövqeləri ilə yanaşı türkmənlərin yaşadığı bölgələri də bombalayır və həlak olanların sayı artırdı. Türkmənlər isə Türkiyə siyasi dairələri və cəmiyyəti üçün həssas mövzudur. Buna görə də Rusiyanın Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağrılaraq ona xəbərdarlıq edildi. Demək, Moskva bu xəbərdarlığa da məhəl qoymadı. Vurulan Rusiya təyyarəsi Türkiyə sərhədini keçməyibsə belə, türkmən ərazilərin üstündən uçurdu və demək yenidən türkmən mövqelərin bombardman edilməsi təhlükəsi var idi. Ona görə də Ankara bu dəfə düyməyə basdı”.

Siyasi şərhçi hesab edir ki, iki ölkə arsında münasibətlər soyuyacaq: “Rusiyanın bundan sonrakı cavabı maraqlıdır. Aydındır ki, Kreml Türkiyəyə müharibə elan edəsi deyil. Ancaq münasibətlər müəyyən müddətə soyuyacaq. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir gün sonra Ankaraya səfər etməli idi. Yəqin ki, bu səfər təxirə salınacaq. Yaxud Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan dekabrın 15-də Rusiyaya səfər edib, rusiyalı həmkarı Vladimir Putinlə iqtisadi-ticari və enerji əməkdaşlığını müzakirə etməli idi. Bu səfər də müəyyən müddətə təxirə salına bilər”.

Elxan Şahinoğlu deyir ki, Suriya müharibəsi başlayana qədər Rusiya-Türkiyə münasibətləri yüksələn xətt üzrə inkişaf edirdi. Ancaq Suriyadakı vəziyyət iki ölkə arasındakı maraqların kəsşiməsinə gətirib çıxarıb və bu müharibə bitməyənə qədər Rusiya-Türkiyə münasibətlərində gərginlik ocağı qalacaq: “Hər halda iki tərəf soyuq məntiqdən çıxış edərək münasibətlərini Suriyadakı müharibəyə və Bəşər Əsədə görə gərginləşdirməkdən çəkinməlidirlər. çünki iki dövləti ən azı böyük regional enerji layihələri birləşdirir və bu layihələrin işləməsi hər iki dövlət üçün vacibdir. Buna baxmayaraq, Ankara Kremlin bölgədəki artan hərbi fəallığına da göz yuman deyil. Rusiya Avrasiya bölgəsinin Amerikası olmaq istəyir. Buna isə nə Türkiyə, nə Səudiyyə Ərəbistanı, nə də elə ABŞ imkan verər”.

Siyasi şərhçinin fikrincə, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi Azərbaycanı da çətin seçimə sürükləyir: “Rəsmi Bakı hələ ki, passiv mövqe tutub. Ancaq bir məqamda “Sən kiminləsən” sualı ciddiləşə bilər. Məsələn, Qazaxıstan və Türkmənistan Rusiyanın Xəzərdən Suriyanı bombalamasına narahatlıqla yanaşıblar. Bunu Türkmənistan prezidenti rusiyalı həmkarına Tehranda açıq bildirdi. Ancaq Azərbaycan rəsmiləri bu məsələyə münasibət bildirmək istəmirlər”.

“Bu arada, Rusiya mediası anti-Türkiyə və anti-türk təbliğatına start verib. “Türkiyənin Moskvadakı səfirliyi ətrafında təhlükəsizlik tədbirlərini gücləndirmək lazımdır” kimi təxribatçı fikirlər yayır, sanki rus millətçilərinə ünvan göstərirlər. Bu fonda “Rusiya Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldılması məqsədilə İrəvana təsir edəcək” dezinformasiyaları lap yersiz görünür. Kreml bunu kimin üçün edəcək, Türkiyənin bölgədəki hərbi-suyasi müttəfiqi – Azərbaycan üçün bunu niyə etsin ki?” – deyə şərhçi fikrini yekunlaşdırıb.