Dünən Suriya-Türkiyə sərhədində Rusiyanın «Su-24» döyüş təyyarəsinin vurulmasından sonra rəsmi Moskva qisas planı üzərində işləyir. Məsələ ilə bağlı açıqlamasında prezident Vladimir Putin də, xarici işlər naziri Sergey Lavrov da Türkiyənin bu addımına cavabın sərt olacağı ilə bağlı mesajlar vermişdi.
Strateq.az xəbər verir ki, «Kommersant» qəzeti yüksək vəzifəli Rusiya rəsmilərinə istinadən Moskvanın iki ölkə arasında çox ciddi biznes layihələrinə son verməyə hazırlaşdığını yazıb. Həmçinin tərəflərin hərbi sahədəki əməkdaşlığının dayandırılacağı bildirilir.
Rusiya Prezident Administrasiyasındakı mənbə qəzetə bildirib ki, Moskvanın Ankaraya cavab tədbirləri olduqca sərt olacaq. Bu da iki ölkə arasındakı münasibətlərə ciddi təsir edəcək. Məsələn, «Qazprom» «Türk axını» layihəsinin nə dərəcədə məqsədəuyğun olduğunu yenidən dəyərləndirəcək.
Bununla yanaşı, nəhəng enerji sazişi olan «Akkuyu» Atom Elektrik Stansiyası layihəsi də təhdid altına düşəcək. Bu layihənin dəyəri 22 milyard dollardır.
öz növbəsində, Türkiyə də Rusiya gəmilərinin Bosfor və Dardanel boğazından keçməsinə məhdudiyyət yarada bilər ki, bu da Suriyadakı Hmeymim aviabazasını işini çətinə salacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, məlum insidentin iki ölkə arasındakı münasibətlərə təsiri şübhəsizdir. Lakin Moskvanın Ankaraya hərbi yolla cavab verməsindən söhbət belə, getmir.