Bu gün İstanbulda keçirilən Beynəlxalq İslam konfransına qatılan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir daha bəyan edib ki, rusların «Su-24» savaş təyyarəsi məhz Türkiyənin hava məkanında vurulub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Ərdoğan Türkiyə tərəfinin bu insidenti böyütmək istəmədiyini və hər zaman olduğu kimi bu dəfə də sülh, dialoq və diplomatik nizamlama tərəfdarı olduğunu bildirib.
Lakin Türkiyə prezidenti ultimativ tonda xəbərdarlıq edib ki, heç kim Ankaradan kor və kar olmasını gözləməsin: «Heç kim gözləməsin ki, Türkiyə hava məkanının, sərhədlərinin, suverenliyinin pozulmasına kor və kar olacaq. Bu insidenti böyütmək fikrimiz yoxdur. Biz öz təhlükəsizliyimizi və qardaşlarımızın (türkmənlərin) hüquqlarını qoruyuruq».
Ərdoğan onu da bildirib ki, türk hərbiçiləri Türkiyənin hava məkanını pozan təyyarənin Rusiyaya məxsus olduğunu Rusiya Müdafiə Nazirliyinin açıqlamasından sonra bilib.