İstisnasız olaraq bütün məsələlərdə Rusiyanın müdafiəçisi qismində çıxış edən çeçenistan prezidenti Ramzan Kadırov Türkiyə ilə yaranmış təyyarə insidentinə münasibətində də ənənəsinə sadiq qalıb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov Rusiya təyyarəsinin vurulmasını İslama qarşı həyata keçirilmiş akt kimi qiymətləndirib: «Rusiyada 30 milyon müsəlman var. Bura bizim vətənimizdir. Türkiyə tərəfindən vurulan təyyarə də, pilot da bizimdir. Siz bilirdiniz ki, Rusiyada milyonlarla müsəlman var. Niyə ABŞ-ın və Qərbin göstərişi ilə bizim təyyarəmizi, pilotumuzu vurdunuz? Axı, o təyyarə İŞİD-ə qarşı savaşırdı və müsəlmanları qoruyurdu?»
Kadırov Türkiyə hökumətini İslam dövlətləri və xalqlarına qarşı olmaqda ittiham edib: «Media yazır ki, Türkiyə həmişə çeçen xalqına kömək edib. Onlar iddia edirlər ki, mən İslama qarşıyam və haqsız tərəfi müdafiə edirəm. Mən konkretliyi sevirəm. Ona görə də soruşuram. Türkiyə çeçenlərə nə vaxt və nədə kömək edib? Türkiyə çeçenistanda yalnız vəhhabilərə kömək edib. Onlar da “terakt”lar həyata keçirərək çeçen xalqını məhv ediblər. İndi isə Türkiyə hökuməti İŞİD-lə mübarizə aparmaq əvəzinə, onu dəstəkləyir. İŞİD-lə biznes qurur. Neft alır və minlərlə müsəlmanı öldürən İslam düşmənlərini maliyyələşdirir».