Türkiyə məlum təyyarə insidentinə görə Rusiyanın Ankaraya tətbiq etdiyi sanksiyaların iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərəcəyini bəyan edib.
Strateq.az xəbər verir ki, bu barədə «Reuters» agentliyinə Türkiyənin yüksək rütbəli rəsmisi açıqlama verib.
Agentliyə danışan mənbə bildirib ki, sanksiyalar problemin həlli yolu deyil, əksinə, onu bir az da dərinləşdirəcək: «Sanksiyalar ikitərəfli münasibətləri daha da pisləşdirəcək».
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin dünən imzaladığı fərmanla Türkiyəyə bir sıra məhdudiyyətlər qoyulub. «Rusiya Federasiyasının milli təhlükəsizliyinin təmin olunması və Türkiyəyə qarşı xüsusi iqtisadi tədbirlər haqqında» fərmana görə, Ankara 4 ayrı qadağa ilə üzləşmiş olur.
Birincisi, Rusiya ilə Türkiyə arasındakı vizasız rejim yanvarın 1-dən birtərəfli qaydada ləğv olunur. İkincisi, Kreml tərəfindən müəyyən edilmiş siyahı üzrə Türkiyədən müxtəlif növ malların Rusiyaya gətirilməsinə qadağa və ya məhdudiyyət qoyulur.
üçüncüsü, Rusiya ərazisində Türkiyə yurisdiksiyasında olan təşkilatların fəaliyyətinə qadağa qoyulur və ya bu fəaliyyət məhdudlaşdırılır.
Və nəhayət yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyulur.