XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 November 2015 - 10:18

Putinin sözçüsü: “İstanbul boğazı bağlanarsa, qiyamət qopar”

“Türkiyə hakimiyyətinin nə edəcəyini proqnozlaşdırmaq və anlamaq mümkün deyil. Amma gəlin, qiyamət ssenarilərindən bəhs etməyək. Sadəcə, bunu deyə bilərəm: Hazırda rus pilotlarının təhlükəsizliyi təmin edilib. Lazımi hava müdafiə sistemlərimiz qurulub”.

Strateq.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov “Rossiya 1” telekanalına müsahibəsində deyib.

Aparıcının “Rusiya Türkiyə təyyarəsini vuracağı təqdirdə Ankara İstanbul boğazını bağlayarsa, Moskva hansı addımlar atacaq?” sualını qiyamət ssenarisi kimi qiymətləndirən Kreml rəsmisi iki ölkə arasındakı əlaqələrin bərpası çətin olacaq dərəcədə pisləşdiyini də etiraf edib.

Xatırladaq ki, Türkiyə öz hava sərhədlərini pozan “Su-24” təyyarəsini vurduqdan sonra iki ölkə arasındakı bütün ticari, iqtisadi və diplomatik əlaqələr ciddi zərər görüb. Rusiya prezidenti Ankaradan üzr gözlədiyini bildirsə də, onun türkiyəli həmkarı eyni hadisə təkrarlanarsa, yenə eyni addımı atacağını bildirib.

Bu cavabdan sonra Rusiya Suriya səmalarında hərbi əməliyyatlar keçirən hər bombardman təyyarəsinin yanına bir qırıcı da əlavə etməyə qərar verib. Bu isə Türkiyə bombardman təyyarəsini vurarsa, rus qırıcılarının da ona atəşlə cavab verəcəyi anlamına gəlir. Türkiyənin gözlənilən insidentdən sonra İstanbul boğazını rus hərbi gəmilərinə bağlayacağı ehtimal olunur.

Putinin sözçüsü isə müsahibəsindən göründüyü kimi, bunun bir qiyamət olacağı mesajını verib. Amma qiyamətin Rusiyanınmı, Türkiyəninmi başında çatlayacağı barədə konkret heç bir söz deməyib.

Strateq.az