XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 14:19

DİN Veteranlar Şurasının sədri:"Veteranların iştirakı ilə 4 mindən çox cinayət açılıb"

Fərhad SÜLEYMANOV,

DİN Veteranlar Şurasının sədri,

istefada olan polis polkovniki

 

Son illər ölkəmizin bütün bölgələrində polis veteranlarının təcrübəsindən, bilik və bacarıqlarından daha geniş və səmərəli istifadə edilməsinin, onların ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətlərinin güclənməsinin şahidi oluruq.  Qarşılıqlı əlaqələrimiz, işgüzar münasibətlərimiz daha da sıxlaşır.

Polisin fəaliyyətində əldə olunmuş qabaqcıl təcrübənin qorunub saxlanması, daha da inkişaf etdirilməsi məqsədi ilə veteranların bilik və bacarığından istifadə olunmasına xüsusi əhəmiyyət verilir. Gənc əməkdaşların xalqımızın milli-mənəvi dəyərləri, vətənpərvərlik ruhunda tərbiyələnməsi, dünyagörüşünün formalaşması, multikultural dəyərlərə sadiq olmaları məqsədi ilə polis veteranlarının onlarla görüşü mütəmadi xarakter daşıyır. Eləcə də xidməti vəzifələrinin icrası zamanı qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlməkdə gənclərə yaxından kömək edirlər.

Polis veteranlarının təşkilatlanması, bilik və bacarıqları, peşəkarlıqları təmsil olduqları ərazi polis orqanlarının və nizami hissələrin gündəlik işində də öz müsbət təsirini göstərməkdədir. Onların sıralarımızda olması, içdikləri anda sədaqətlə xidmət etməsinin nəticəsidir ki, ehtiyacı olan kimsədən köməklərini, bilik və bacarıqlarını əsirgəmirlər. Əksər ərazi polis orqanlarında veteran şuralarına xidməti otaqların ayrılması gənclik enerjisi ilə işləyən qocaman hüquqşünasların fəaliyyətlərini lazımi tələblər səviyyəsində qurmağa imkan verir.

DİN Veteranlar Şurasının üzvləri vaxtaşırı olaraq şəxsi heyət, ictimaiyyət arasında günümüzün aktual  problemlərinə, mühüm tarixi hadisələrə, əlamətdar günlərə həsr olunmuş və hərbi vətənpərvərlik mövzularında çıxışlar edir, söhbətlər aparırlar. Veteranlar vaxtaşırı görülən işlər barədə hesabat verirlər. Şuranın üzvləri qarşıya qoyulan vəzifələrin icrasında xüsusi fəallıq göstərir, vaxtaşırı təhsil müəssisələrində olur, ictimaiyyətin ayrı-ayrı təbəqələrini təmsil edən şəxslərlə görüşlərdə dini ekstremizmin, radikal cərəyanların, cəmiyyətin insanlıq əleyhinə cinayət, birgəyaşayış qaydalarına zidd olması, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinin zərəri, erkən nigahların fəsadları barədə ətraflı məlumat verirlər. Gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərimizə sədaqət ruhunda  tərbiyəsinə xüsusi diqqət yetirilir.

Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, ötən il ərzində respublikanın ərazi polis orqanlarında veteranların iştirakı ilə dörd mindən çox cinayətin açılması təmin olunub. Onların təşəbbüsü ilə təhsil müəssisələrində, gənclər kollektivlərində 2100-ə yaxın tədbir keçirilib.  Bu ilin birinci rübü ərzində isə onlar 1550 cinayət hadisəsinin açılmasında iştirak ediblər. Respublikamızın müxtəlif bölgələrində onların iştirakı ilə orta məktəblərdə, lisey və gimnaziyalarda gənclərlə 980 görüş keçirilib.

Onlar ictimai fəaliyyətlərini, elm sahəsindəki araşdırmalarını daha da artırırlar. Bir sıra elmi araşdırmaların, tarixi kitabların müəllifi olan istefada olan polis polkovniki Georgi Zapletin çoxillik ədəbi fəaliyyətinin nəticəsi olaraq Yazıçılar Birliyinin üzvlüyünə qəbul olunub.

Onların əməyi daim diqqətdədir. Səmərəli fəaliyyətinə görə veteranlardan bir neçəsi  DİN rəhbərliyi və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr veteranları təşkilatı tərəfindən mükafatlandırılıb.