XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 İyul 2017 - 20:14

Jalə Mütəllimova polislərdən yazdı:"Haqqın yanında, nahaqqın qarşısında tapım səni..."

Jalə MÜTƏLLİMOVA

 

Dara düşəndə həm üstünə qaçarıq, həm ondan qaçırıq. Azərbaycanda polis olmağın qəribə təzadıdır bu. Polis həm də bütün dünyada ən vacib orqan, institutdur. Əziyyəti, zəhməti də boğaza qədər. Gün ərzində hamıdan fərqli və çox çalışarlar. Həm də daha ağır ittiham, qınaq obyektidirlər.

İndilik bütün qınaq və ittihamları qoyaq kənara. Çünki polis həm də o adamdır ki, bəzən günlərlə ailəsindən xəbər tuta bilmir. Övladının üzünü gecə də, gündüz də ancaq onlar yuxuda olanda görür. Sevdiklərinin üz cizgisini yadırğayır hərdən. Şəhid olmağa hazır, vicdanlı, ədalətli polislərin məhz belə olduğunu kimsə dana bilməz. O üzdən ilin üç yüz altmış beş gününün bircəciyində onlar haqda müsbətə köklənək. Bunun özü də polisə münasibətdə ədalət, vicdan göstəricisi, vətəndaş münasibəti olar. Əminəm, hərənin tanıdığı və sevdiyi ən azı bir yaxşı polis dostu var. Bu gün mənim ağlımdakı yaxşı polisdən danışacağam. 

Yəqin, yaşıdım olan jurnalistlərin bir xeylisi xatırlamış olar. İllər öncə “Sahil”, köhnə “26-lar” bağı yaxınlığından başlayan dəhşətli mitinqi. Polis mərkəzi küçələrə girişə icazə vermir, çünki aksiya icazəsizdir. Müxalifətçilər aksiyanı reallaşdırmaq istəyir. Jurnalistlərsə polislə aksiyaçılar arasında qalıb.

Bu qarmaşada haradansa əlində daş-kəsək toplanan bir dəstə adam peyda oldu. Düzünə qalsa, onları nə polis, nə də mitinqçilər tanıyırdı. Çünki hər kəsə hücum eləyir, daşlayırdılar. Elə jurnalistləri də. “Sahil” metrosunun yanında bir polis nəfəri mənə mağazalardan birinə keçib qorunmağı təklif edəndə, anladım ki, vəziyyət cox ciddi və ağırdır. Nə desən, ola bilər. Düzü, mağaza sahibi kimliyimi bilmədiyi üçün məni içəri buraxmadı.

Polis bu məqamda ikinci təklifdə bulundu: “Arxamda dayan! Önə keçməyə cəhd eləmə!”. Peşə marağı üstün gəldi. Bir addım qabağa atar-atmaz bir onu gördüm ki, müdafiəmə qalxan polis əli ilə məni bərk itələdi və önümə keçdi. Sonra da əlindəki dəbilqəsini üstümə tutdu. Gözümü açanda gördüyüm mənzərədən bir az da üşəndim. Adam mənə gələn daşın qarşısına keçdiyi üçün sifəti ciddi yaralamışdı. Sonra o, polis yanımdakı digər xanıma da yaralı olduğu halda kömək elədi. Həmkarımla birgə cib dəsmalımızı polisin üzünə sıxdıq. Qanı saxlaya bilmədik. O isə “qorxmayın, burdayam, siz qorxmayın” deyirdi. Ara nisbətən sakitləşdi. Bizi təhlükəli küçələrdən çıxardı, onun özünü isə təcili yardım maşını ilə götürdülər. Çoxlu qan itirmişdi. Bircə ona pis olmuşdum ki, adama təşəkkür eləmədim. Həm də kimliyini bilib sonradan səhhətiylə maraqlanmaq şansım olmadı…

O aksiyadan, təxminən, dörd il keçmişdi. Milli Məclisindən müsahibədən qayıdırdım. Xidməti maşından düşən rütbəli polis əməkdaşının üzümə gülümsəməsi ilə qarşılaşdım dayanacaqda. Əvvəl əməlli qıcıqlandım ki, bu polis niyə üzümə gülümsəyir ki?! Hirsimi anlamışdı, o üzdən tələsik yaxına gəlib, sifətindəki kobud çapıq izinə işarə elədi: "Mən sizi maşından tanıdım, amma deyəsən, yadınızda qalmamışam?"

Həmin polis idi – təşəkkür borcum olan adam. Dörd ilə yaxın zaman keçmişdi, məni qoruyan polisin üzündə isə dörd il öncə mənə atılan daşın çox dərin və kobud izi dururdu. “Üzünüzə görə üzr istəyirəm, cənab kapitan” – dedim. Bir də təşəkkür borcumu ödədim ona. Düzü, dörd il öncə fədakarlıq eləyən polis, mənə ailəmdəki qardaş qədər doğma gəldi. Elə indi də elədir. Həmin günün dəhşətindən bir az danışdıq. Sonra sağollaşdıq. O xidməti maşınına oturub işinin dalıyca getdi, mənsə evə gəldim. Götürdüyüm müsahibəni hazırlamağa…

İndi həmin hadisənin üstündən illər keçib. Amma hər o günü xatırlayanda, əlimi üzümə aparıb düşünürəm ki, həmin gün o polis mənə atılan daşın qarşısına keçməsəydi, indi üzümdə çox fərqli və xoş olmayan bir daş izi qalardı. Bir qadının faciəsi ola biləcək bu hadisədən məni mənim yaxşı polisim qorumuşdu. Nədənsə əminəm ki, onlar, yəni mənim, sizin, bizim yaxşı polislərimiz çoxdur.

Bir də bir məsələ var. Dədə-babadan adətimizdir, zordan-gücdən, “xox”dan qorxan camaatıq. Yəni nə qədər qəribə səslənsə də, bu məmləkətin Allahdan yox, polisdən qorxan xeyli biinsafı, ədalətsizi, vicdansızı var. Tanrı ədaləti və vicdanı olanınızı olmayanlar üzərində hakimi-mütləq eləsin, cənab polislər!

Bir də bütün peşələrdə qəribə daxili mübarizə gedir. Biz “mətbəx mübarizəsi” deyirik adına. Mahiyyəti də bu ki, bilməyənlər başa keçmək, bilənləri ayaq eləmək istəyər. Bəzən bacararlar, bəzən yox. Bu da həyatın, şansın işidir. O da var ki, bütün dünyada belədir. Kim ki gerçək istedad, savad, bacarıq, vicdan, ədalət sahibidir, onun başı ağrısız olmaz. "Vurmağa" məqamı gəzərlər. Məqam düşdümü, “vurarlar”. Bu üzdən yaxşılarınıza “vurulmamaq” arzulayıram. Əslində, məncə, sizin peşədə həm də vurulmaq olar. Nəyə və kimə? Elə peşənizə, vətənə, dövlətə, sevdiklərinizə. Çünki siz onlar, onlar da sizinlə güclüdür!

Bir də bu, bir azərbaycanlı qadının, ananın, jurnalistin sizə müraciətidir, polis həmkarlar. Hə, məhz həmkarlar. Çünki siz cinayətkarı axtarırsınız, biz cinayətin səbələrini araşdırarıq. Siz ədalətsizliklə mübarizə aparırsınız, biz ədalətə gətirən yollardan yazırıq. Bir ortaq məqamımız da bu ki, məmləkətdə siz də ən çox söyülənsiniz, biz də.

Sizi bilmirəm, biz, yəni media əhli artıq vərdiş eləmişik. O üzdən siz də qoşulun bizə, gəlin, bunu yaxşı tərəfə yozaq. Yəni o yerdə ki, bütün mənfisi-müsbəti ilə çalışan peşə sahibləri var, demək ki, ən çox söyülən onlar olacaq. Bizim cəmiyyətin bir qəribəliyi də bu – ən çox söyüləndən, həm də ən çox umurlar. Yəni sizə də, bizə də həm ehtiyac var, həm də daha çox umacaq. İndilik bizi qoyuram kənara, nədən ki, peşə bayramımıza hələ xeyli var. Bu arzum sizədir, sənədir, qardaş, dost, sevgili, ər, ata, övlad vətəndaş olan Azərbaycan polisi! Bütün haqlı mübarizələrində qalib ol! Unutma, məmləkətə jurnalistin, müəllimin, həkimin, sərhədçinin, lap elə vergi müfəttişinin ən yaxşısı kimi, polisin də əlası lazım, nanəcibi, nankoru yox. Bayramın mübarək! Haqqın yanında, nahaqqın qarşısında tapım səni həmişə! Çiyinlərini vicdanının çəkə bilməyəcəyi yükdən qoru! Ədalətsizliyə göz yumma! Çünki vətəninin də, vətəndaşının da sənin vicdan və ədalətinə ehtiyacı var, Azərbaycan polisi!