XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 15:25

Prezident İlham Əliyev “BakuTel-2015” sərgisi ilə tanış olub

Prezident-Baku-tel.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Bakı Ekspo Mərkəzində “BakuTel-2015” XXI Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, dekabrın 5-dək davam edəcək “BakuTel-2015” beynəlxalq sərgisində 200-dən artıq şirkət iştirak edir. Yeni şirkətlərin diqqətini cəlb edən sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 15 faizini təşkil edir.

Sonra Prezident İlham Əliyev sərginin pavilyonları ilə tanış olub.

Dövlətimizin başçısı əvvəlcə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin stendinə baxıb. Burada Prezident İlham Əliyevə “Elektron hökumət” portalı və Data Mərkəzi barədə ətraflı məlumat verilib. Bildirilib ki, 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 80-dən artıq qurumu birləşdirir. Hazırda 45 qurum tərəfindən 432 elektron xidmət, 220-dən artıq elektron ödəniş olmaqla, vətəndaşlara ümumilikdə 650-dən artıq elektron xidmət göstərilir. 35 qeyri-dövlət qurumu da portala qoşularaq bu xidmətlərdən yararlanır. Son iki il ərzində istifadəçilərin sayı 10 dəfə artaraq 2,5 milyona çatıb. ötən ildən elektron arayışların verilməsinə də başlanılıb.

Azərbaycan Prezidentinə Data Mərkəzi barədə də məlumat verilib. Bildirilib ki, “bulud” texnologiyası əsasında regionda birinci olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi artıq tamamlanıb. Avropa Nüvə Tədqiqatları Təşkilatının apardığı elmi tədqiqatların nəticələrinin bu Data Mərkəzində saxlanılması və istifadə olunması ilə bağlı razılaşma var. Data Mərkəzinin istifadəyə verilməsi ölkədə “Elektron hökumət”in genişlənməsinə, həm dövlət, həm də qeyri-dövlət orqanlarının informasiya məlumatlarının saxlanılmasına imkan verəcək.

Prezident İlham Əliyevə “Google”un yeni platforması barədə məlumat verilib. “Cultural Institute” adlanan platforma dünyanın bütün muzeyləri, sərgiləri və maraqlı, mədəni görməli yerlərini əhatə edir. Məlumat verilib ki, ilk olaraq Azərbaycanın üç muzeyi platformaya daxil edilib. Bunlar Xalça, Milli İncəsənət və Musiqi Mədəniyyəti muzeyləridir. ümumilikdə bu üç muzey üzrə minədək eksponat platformada təqdim ediləcək. “Google” bu platforma üzrə Azərbaycan ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Dövləti başçısına CERN – Avropa Nüvə Tədqiqatları Təşkilatının məqsədi və funksiyaları barədə də məlumat verilib. Bildirilib ki, CERN-də çalışan fiziklər və mühəndislər Yer kürəsinin fundamental quruluşunu öyrənirlər. Onlar materiyanın tərkibinin – əsas elementar hissəciklərinin tədqiqi üçün dünyanın ən böyük və ən mürəkkəb elmi alətlərindən istifadə edirlər. 1954-cü ildə təsis edilmiş CERN laboratoriyası Cenevrə şəhərinin yaxınlığında yerləşir. Hazırda 21 dövlətin üzv olduğu təşkilat Avropanın ilk birgə müəssisələrindən biridir.

Sərgidə Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyi İqtisadi İnkişaf Nazirliyinin İxrac İnkişaf Korporasiyası (“Dubai Exports”) ilə təmsil olunur.

Prezident İlham Əliyevə “Dubai Exports”un gələcək planları və məqsədləri barədə məlumat verilib. Bildirilib ki, “Dubai Exports” qarşısına innovasiya ilə inkişaf məqsədini qoyub. “BakuTel” sərgisinə ilk dəfə qatılan “Dubai Exsports” ümumilikdə ölkəmizdə keçirilən müxtəlif səpkili sərgilərdə artıq üç ildir iştirak edir.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 2015-ci ildə yaradılan Mingəçevir Yüksək Texnologiyalar Parkı artıq uğurlu fəaliyyətə başlayıb. Sərgidə bu Parkın ilk rezidenti olan “HTECH Invest” şirkəti də iştirak edir. “HTECH Invest”in əsas məqsədi dünyanın tanınmış informasiya texnologiyaları şirkətlərinin məhsullarının Azərbaycanda yığılmasını təmin etməkdir. Hazırda “ACER” şirkəti ilə danışıqlar başa çatmaq üzrədir. İlk məhsul 2016-cı ilin fevralında istehsal ediləcək. “ACER” şirkəti dünyanın beş ən nüfuzlu informasiya texnologiyaları şirkətindən biridir.

Prezident İlham Əliyev “Azərkosmos” ASC-nin stendi ilə də tanış olub. Məlumat verilib ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan “İntelsat” ilə “Azərkosmos” ASC-nin uzunmüddətli razılaşmasına əsasən, 45 dərəcə Şərq uzunluğu orbital mövqeyində yerləşəcək “Azerspace-2” Afrika, Avropa, Asiya və Yaxın Şərq regionlarını əhatə edəcək. “Azerspace-2” “Azərkosmos”un sayca ikinci telekommunikasiya peyki olmaqla yanaşı, “Azerspace-1″in əhatə zonasını genişləndirərək Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrikada ödənişli televiziya, hökumət strukturları üçün rabitə və şəbəkə xidmətlərinə artan tələbatı ödəyəcək.

“BakuTel-2015” sərgisi çərçivəsində “Azerspace-2” peykinin orbitə çıxarılması barədə “Azərkosmos” ASC ilə Fransanın “Arianespace” şirkəti arasında müqavilə imzalandı. Prezident İlham Əliyevin iştirakı ilə imzalanan müqaviləyə əsasən, “Azerspace-2” peykinin 2017-ci ildə Fransanın “Ariane-5” raketi ilə Fransız Qvineyasından orbitə çıxarılması nəzərdə tutulub.

Dövlətimizin başçısına “Kaspersky” şirkəti barədə də məlumat verildi. Bildirildi ki, şirkət artıq 18 ildir 33 ölkənin informasiya-kommunikasiya texnologiyaları bazarlarına informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə məhsullarını təqdim edir. Şirkətin məhsulları arasında kompyuterlərin təhlükəsizliyi, şəbəkələrin, elektron ünvan serverlərinin, mobil avadanlığın, fayl serverlərinin kiberhücumlardan qorunması üzrə xidmətlər yer alır. Sərgidə ilk dəfə iştirak edən “Kaspersky”nin Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir.

Prezident İlham Əliyev “Formula-1” Avropa Qran-pri yarışının stendi ilə də tanış olub. Qeyd edilib ki, gələn il Bakının ilk dəfə ev sahibliyi edəcəyi yarış milyonlarla televiziya tamaşaçısının diqqətini bir daha ölkəmizə yönəldəcək. Dünya üzrə məşhur pilotlar UNESCO-nun Dünya İrsi Siyahısına daxil olmuş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Xəzər sahili boyu və müasir göydələnlərin əhatə etdiyi ərazidə yarışacaqlar. “Formula-1” Bakı Qran-prisinin promouter şirkəti olan “Bakı Şəhər Halqası” bu mötəbər turnirin yüksək səviyyədə keçirilməsi ilə bağlı hazırlıq işlərinə artıq başlayıb.

çinin “Huawei” şirkəti də sərgidə geniş təmsil olunur. Yüksək texnoloji məhsullar istehsal edən “Huawei” dünyanın ən böyük 100 şirkətindən biridir. Şirkətin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. “Huawei” artıq 15 ildir ki, Azərbaycanda öz xi
dmətlərini təklif edir. Onlar əsasən internet operatoru və korporativ xidmətlərdir. Şirkət ölkəmizin aparıcı mobil operatorları ilə əməkdaşlıq edir. “Huawei”in məhsulları arasında planşet, mobil telefon, şəbəkə, informasiya-kommunikasiya texnologiyaları avadanlığı və stasionar kameralar da sərgilənir. Şirkət ölkəmizdə “Huawei-Azərbaycan” adı ilə fəaliyyət göstərir.

Prezident İlham Əliyevə Sumqayıt Texnologiyalar Parkında yeni istehsal edilən məhsullar barədə də məlumat verilib. Onların arasında kommunikasiya dolabları, ödəniş terminalları, infoköşk, rabitə, internet, elektrik kabelləri var. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. Sumqayıt Texnologiyalar Parkı müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. Regionda nadir layihə olan STP Azərbaycanın həm daxili, həm də xarici bazarının tələbatını tam ödəmək qabiliyyətinə qadirdir.

Dövlətimizin başçısı SAP şirkətinin stendinə də baxıb. Şirkət 1972-ci ildə Almaniyada təsis olunub. Proqram təminatı və biznes həllərinin istehsalçısı olan SAP-ın 190 ölkədən 290 min müştərisi var. Şirkət yeni nəsil məlumatlar bazası, proqram təminatları ilə dünya bazarının liderlərindəndir. Şirkətin gələn il Azərbaycanda rəsmi ofisin açılışı nəzərdə tutulub. SAP sərgidə “Smart Azərbaycan” layihəsi üçün innovativ texnologiyaları təqdim edir. Bunlar İnnovativ Liman Logistikası, İnnovativ Energetika, İnnovativ Kənd Təsərrüfatı, Hava Daşımalarının İnteraktiv İdarəedilməsidir.

Prezident İlham Əliyev ABŞ-ın “CISCO Systems” şirkətinin stendi ilə də tanış olub. Şirkət internet texnologiyalarının, şəbəkələrin təhlükəsizliyi, videokonfrans, IP-telefoniya sistemlərinin, “Internet of everything”, simsiz şəbəkə, data mərkəzlər həllərinin istehsalında dünya lideridir.

Sonra dövlətimizin başçısına kiber təhlükələr və onların idarə edilməsi sistemi barədə məlumat verilib. Dünyada real zamanda baş verən kiber hücumlar, Avropa və Azərbaycan üzrə spam aktivliyinin vəziyyəti barədə məlumat diqqətə çatdırılıb.

“BakuTel-2015″in iştirakçıları arasında aparıcı informasiya-kommunikasiya texnologiyaları şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distributorları yer alıb. Ənənəvi olaraq, sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə bir sıra ölkələrin milli stendləri təqdim olunur. Sərgidə informasiya texnologiyaları sahəsi üzrə yeni nəsil və milli genişzolaqlı internet üzrə həll variantları, 4-5G mobil texnologiyalar, fiber-optik və “bulud” texnologiyaları üzrə xidmətlər, “Elektron hökumət”, “Smart Azərbaycan” layihələri üçün yeni texnologiyalar, eləcə də informasiya təhlükəsizliyi yer alıb.

BMT, Beynəlxalq Telekommunikasiya İttifaqı və Rabitə sahəsində Regional Birlik kimi beynəlxalq təşkilatların dəstəyi, eləcə də Dünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən sərgiyə verilmiş keyfiyyət nişanı “BakuTel”in beynəlxalq nüfuzunu bir daha təsdiq edir. Sərgidə “startap” şirkətlərinə iş üçün xüsusi yer ayrılıb. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “Caspian Event Organisers” şirkətləri çıxış edir. azertag.az