XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2017 - 14:59

Avstriya hökuməti türkiyəli nazirin ölkəyəgirişinə icazə vermədi

Avstriya hökuməti Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçinin bu ölkəyə girişinə icazə verməyib.

"Reuters"in xəbərinə görə, bu barədə Avstriya Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.

"Mən təsdiqləyə bilərəm ki, Avstriya xarici işlər naziri Sebastyan Kurts Türkiyə iqtisadiyyat nazirinin ölkəyə girişinə razılıq verməyib", – deyə mənbə agentliyə bildirib.

Nazir Zeybekçi Türkiyədəki hərbi qiyam cəhdinin ildönümü ilə bağlı Avstriyada təşkil olunacaq tədbirlərdə iştirak etməli idi.

Mənbə onu da qeyd edib ki, planlaşdırılan tədbir kifayət qədər böyükdür və türkiyəli nazirin orada iştirakı Avstriyada təhlükəsizliyə və asayişə təhdid yarada bilərdi. 

Bir neçə gün əvvəl analoji qərarı Hollandiya hökuməti Türkiyə baş naziri Tuğrul Türkeşlə bağlı qəbul etmişdi. Türkeş eyni səbəblə Hollandiyaya buraxılmamışdı. 

Xatırladaq ki, bu ilin martında Avstriya və Hollandiya hökumətləri Türkiyə xarici işlər nazirinin və türkiyəli siyasilərin bu ölkələrə girişinə icazə verməmişdi. Həmin vaxt Türkiyə rəsmiləri Konstitusiya dəyişikliyi ilə bağlı ölkədə keçiriləcək referendumla bağlı təbliğat kampaniyası aparmaq istəyirdilər. 

Ankara bununla bağlı BMT-yə şikayət etmiş, həmçinin Hollandiya səfiri və diplomatlarının Türkiyəyə geri dönməsinə icazə verməmişdi.

Strateq.az