XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 13:21

Ərdoğan-Putin “dueli” – Türkiyə prezidenti ilk dəfə ad çəkdi

BMT-nin Parisdə keçirilən iqlim dəyişikliyi sammitində bir araya gələ bilməyən prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin indi bir-birlərinə öz ölkələrindən ittiham dolu mesajlar göndərirlər.

Putinin AKP hökuməti və Ərdoğan əleyhinə bugünkü hədə tonlu çıxışından sonra Türkiyə prezidentindən də cavab gəlib. 

Xatırladaq ki, həmin açıqlamada Rusiya prezidenti Türkiyə iqtidarını İŞİD-lə ortaq neft ticarəti aparmaqda ittiham edib və Ankaranın təyyarə insidentinə görə hələ çox peşman olacağını bildirib.

Xarici mətbuata istinadən strateq.az xəbər verir ki, Ərdoğan da bugünkü çıxışında Putinə qarşı eyni «silahdan» istifadə edərək Ankaranın əlində Moskvanın İŞİD-in neft biznesinə cəlb olunduğuna dair sübutların olduğunu deyib:

«Əlimizdə sübutlar var və onları bütün dünyaya nümayiş etdirəcəyik». 

Ərdoğan Rusiya-İŞID ortaqlığına dair iddialarını möhkəmləndirmək üçün ilk dəfə ad da çəkib – Rusiya pasportu daşıyan suriyalı biznesmen Corc Hasvani.

Türkiyə prezidenti bu məsələdə ailəsinin adının hallandırılmasının absurd olduğunu deyib.

Baş nazir Əhməd Davudoğlu isə Rusiyanın bu ittihamlarını sovetdən qalma təbliğat üsulu adlandırıb:

«Türkiyənin İŞİD-dən neft alması barədə iddialar sovet dövrünün təbliğat üsullarındandır. Soyuq savaş dövründə sovet təbliğat üsulu vardı. Ən müxtəlif yalanlar uydurulurdu. Buna əvvəlcə özləri inanırdı, sonra da bütün dünyanın inanmasını gözləyirdilər. Bu üsul sovetlərdən Rusiyaya miras qalıb. Bu yalançı təbliğata heç kim inanmayacaq».