XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 10:37

Artur Rasi-zadə iclas çağırdı –Nələr müzakirə edilib?

Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə Azərbaycan prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli fərmanı ilə yaradılmış Maliyyə Sabitliyi Şurasının növbəti iclası keçirilib.

Şuranın Katibliyindən  verilən məlumata görə, iclas baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə baş tutub.

İclasda "Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" prezidentin 11 aprel 2017-ci il tarixli sərəncamına müvafiq olaraq ölkə başçısının 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin "Maliyyəyə çıxışın asanlaşdırılması" sərlövhəli 3-cü strateji hədəfin reallaşdırılmasını nəzərdə tutan prioritetlərdə göstərilən tədbirlərin əhatə edildiyi geniş Tədbirlər planı müzakirə olunub.

Tədbirlər planı Kənd Təsərrüfatı Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, İqtisadiyyat Nazirliyi və Dövlət Neft Fondunun nümayəndələrindən təşkil olunmuş işçi qrupu tərəfindən birgə hazırlanıb, həmçinin beynəlxalq maliyyə qurumlarının texniki yardım çərçivəsində hazırladığı sənədlərdən də istifadə edilib.

Planda kənd təsərrüfatı üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi, sektora innovativ və girovsuz kreditlərin tətbiqi mexanizmlərinin hazırlanması, aqrar sektora təsir edən risklərin idarə olunması, aqrar sığortanın inkişaf etdirilməsi, aqrar sahəyə investisiya qoyuluşlarının təşviqi, kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə savadlılığının artırılması və s. konkret tədbirlər nəzərdə tutulub.

Müzakirələr zamanı bildirilib ki, hazırlanmış tədbirlər planının reallaşdırılması kənd təsərrüfatı sahəsi üzrə maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə və son nəticədə aqrar sahəyə investisiya qoyuluşlarının təşviqinə imkan verəcək.

Təqdim olunan tədbirlər planı layihəsi ümumilikdə qəbul olunub və Kənd Təsərrüfatı Nazirliyinə tapşırılıb ki, aparılmış müzakirələrin nəticələri, verilmiş rəy və təkliflər nəzərə alınmaqla yekun variant hazırlansın və Maliyyə Sabitliyi Şurasının növbəti müzakirəsinə təqdim edilsin.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yenidən işlənilərək təkmilləşdirilib və müvafiq dövlət qurumları ilə razılaşdırılmış tədbirlər planının son variantı ötən gün keçirilən iclasda təsdiq olunub.

İclasda həmçinin cari ilin ötən dövründə ölkədə makroiqtisadi vəziyyət, maliyyə sabitliyinin dayanıqlığının dinamikasında müşahidə olunan pozitiv meyllər və digər məsələlər ətrafında geniş fikir mübadiləsi olub.

APA