ABŞ Dövlət Departamenti Rusiya prezidenti Vladimir Putinin vahid antiterror cəbhəsi yaratmaq təklifinə rədd cavabı verib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, departamentin rəsmisi Mark Toner İŞİD əleyhinə beynəlxalq koalisiyanın kifayət qədər səmərəli fəaliyyət göstərdiyini və yeni oxşar birliyə ehtiyac olmadığını bildirib: «Beynəlxalq koalisiya istər hava zərbələrində, istərsə də digər aspektlərdə hər bir gün bir az daha səmərəli işləyir».
Toner xatırladıb ki, bundan əvvəl ABŞ Rusiyaya 65 ölkənin təmsil olunduğu hazırkı beynəlxalq koalisiyaya daxil olmağı təklif edib.
Qeyd edək ki, dekabrın 3-də Vladimir Putin Rusiyanın Federal Məclisinə illik müraciətində terrorizmlə mübarizdə vahid cəbhədən çıxış etməyin vacibliyindən danışıb. Və beynəlxalq hüquq çərçivəsində, BMT-nin mandatı ilə fəaliyyət göstərəcək vahid antiterror cəbhəsinin yaradılmasını təklif edib.