XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 20:01

İrandan şok açıqlama: «İŞİD neftinin Türkiyəyə necə daşındığına dair sübutlarımız var»

Türkiyə Rusiya təyyarəsini vurandan bəri iki ölkə arasında gərginlik və qarşılıqlı ittihamlar səngimək bilmir. 

Strateq.az xəbər verir ki, insidentdən dərhal sonra Rusiya prezidenti ortaya İŞİD-lə Türkiyə hökumətinin ortaq neft biznesinə dair iddia atdı. Ankara bu iddianı yalanlamaqla yanaşı, eyni ittihamı Rusiyanın ünvanına səsləndirdi. Prezident Rəcəb Tayyib Ərdoğan isə Moskvanın ortaya sübut qoyacağı təqdirdə istefa verəcəyini bildirdi.

Bundan sonra bir az da irəli gedən Rusiya hökuməti bəyan etdi ki, Suriyadan cihadçıların nəql etdiyi oğurluq neftin alış-verişi ilə prezident Ərdoğanın ailəsi məşğul olur.

Rusiya Müdafiə Nazirliyi isə İŞİD neftinin Türkiyəyə daşınmasını sübut edən peyk fotoşəkilləri və xəritələrini nümayiş etdirdi.

Məsələyə üçüncü tərəf kimi, ilk reaksiya İraqın kürd bölgəsindən gəldi. Türkiyə hökumətinin xeyrinə olan açıqlamada bildirilirdi ki, Rusiyanın bəhs etdiyi neft daşıyan maşınlar kürdlərə məxsusdur. 

Kürd bölgəsi parlamentinin energetika komitəsinin rəhbəri Şerko Cavdat bildirdi ki, bu maşınlar həqiqətən də Türkiyəyə neft daşıyır. Lakin onların İŞİD-ə heç bir aidiyyəti yoxdur. üstəlik, kürd muxtariyyətinin rəhbərliyi bunu heç vaxt gizlətməyib. Rusiya Müdafiə Nazirliyinin iddialarını İraqın kürd bölgəsinin rəhbərliyi də təkzib etdi.

Kürdlərin bu izahatından çox keçməmiş İran tərəfindən sensasion açıqlama gəldi. Rəsmi Tehran bəyan etdi ki, İŞİD-in Türkiyə ərazisində həyata keçirdiyi neft biznesi barədə Ankaraya bütün məlumatları təqdim edə bilər. Bu məlumatlara sübut sayılacaq foto və videoçəkilişlər də daxildir.

İranın «İrna» agentliyinə müsahibəsində ölkənin Məşvərət Şurasının üzvü Möhsün Rəzai bildirdi ki, çəkilişlərdə İŞİD-in Türkiyəyə neft daşıyan maşınları və karvanın keçdiyi bütün yollar əksini tapıb: «Əgər Türkiyə hökuməti ölkəsinin İŞİD-lə neft ticarəti barədə məlumatsızdırsa, biz həmin məlumatları təqdim edə bilərik. Bu sübutlar mətbuatda da dərc oluna bilər».