Bu gün Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə SOCAR-da olub, “Günəşli” yatağındakı 10 saylı stasionar dəniz özülündə baş vermiş qəza ilə əlaqədar müşavirə keçirib.
“Trend” məlumat verir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun, Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Rauf Vəliyevin, Azərbaycan Respublikası Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin qəzanın aradan qaldırılması və itkin düşənlərin axtarışı ilə əlaqədar hesabatları dinlənilib, Baş nazirin sualları cavablandırılıb.
Azərbaycanın Baş naziri qəzanın aradan qaldırılması, yanğının söndürülməsi və xilasetmə işlərinin sürətləndirilməsi ilə bağlı aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlar verib.