“Trend”-in məlumatına görə, bunu ANS-ə müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, 1957-ci ildən etibarən layihələndirilmiş estakadalar bu hündürlüyə, yəni 13 metrəyə qədər hesablanır.
“Ondan sonra biz bu günə qədər nə iş görürüksə, 13 metrəni nəzərə alaraq estakadanı o hüdürlüyə qədər qaldırırıq. O vaxtdan etibarən bizdə belə bir hadisə olmayıb. İndi burada biz nəyin şahidi olduq. Külək 27 saat davam etdi. Məhz küləyin uzun bir müddət davam etməsi nəticəsində dalğanın hündürlüyü qalxdı. Nəticədə dalğanın hündürlüyü 8-10 metrə çatdı. Bundan sonra biz fikirləşib nəticə çıxarmalıyıq. Belə bir hadisənin bir daha baş verməməsi üçün layihələndirmə zamanı bu hal nəzərə alınsın. İnsanlar xilasedici gəmidə bu küləkdə, bu dalğada suya düşsəydilər belə üzə bilməyəcəkdilər”, – Xoşbəxt Yusifzadə bildirib.
Onun sözlərinə görə, platformada 63 nəfərin olmasına səbəb var.
“Biz orada əlavə olaraq daha 4 quyu qazmaq istəyirik. Ona görə orada həm tikinti işlərini aparanlar, həm də qazmaçılar vardı. Buna görə də onların sayı 63-ə çıxmışdı. Əgər orada həm qazmaçılar, həm də tikintini həyata keçirənlər olmasaydı, əlbəttə, bu qədər adam olmayacaqdı”, – Xoşbəxt Yusifzadə bildirib.