XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

07 Dekabr 2015 - 16:12

Nazir və komitə sədrlərinə yeni vəzifə tapşırıldı – Prezidentdən mühüm sərəncam

Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizində iştirakın Azərbaycan üçün əhəmiyyətini nəzərə alaraq, bu istiqamətdə görülən işlərin sürətləndirilməsi məqsədi ilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC ilə birlikdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsinə dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında əməkdaşlıq barədə çərçivə sazişinin və Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhəddində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi və onun maliyyələşdirilməsi haqqında Azərbaycan Respublikası ilə İran İslam Respublikasının müvafiq qurumları arasında müqavilənin layihələrini razılaşdıraraq Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Astara (Azərbaycan Respublikası) dəmir yolu stansiyasından Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhəddinə qədər dəmir yolu xəttinin, habelə bu Sərəncamın 1-ci hissəsində göstərilən müqaviləyə uyğun olaraq Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhəddində, Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi işlərinin layihələndirilməsi və həyata keçirilməsi “Azərbaycan Dəmir Yolları” QSC-yə həvalə edilsin.

3. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Sərəncamın 2-ci hissəsində göstərilən dəmir yolu körpüsü ilə əlaqədar gömrük və sərhəd infrastrukturunun yaradılmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu Sərəncamın 2-ci və 3-cü hissələrində göstərilən infrastruktur layihələri ilə əlaqədar torpaqların dövlət ehtiyacları üçün alınması məqsədi ilə zəruri tədbirlər görsün;

4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci, 3-cü hissələrində və 4.1-ci bəndində göstərilən tədbirlərin maliyyələşdirilməsini təmin etsin”.