Odessanın qubernatoru Mixail Saakaşvili ona ünvanlanan korrupsiya ittihamlarına sərt cavab verib.
Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Saakaşvili «nə özümüz oğurlayırıq, nə də başqalarına oğurlamağa imkan veririk», – deyərək ittihamları rədd edib.
Bəzi yerli jurnalistlər Saakaşvilinin Odessa qubernatorluğunun Administrativ Xidmətlər Mərkəzinin təmir və icarəsinə fantastik məbləğdə pul xərclədiyini yazıblar. Məlumatlara görə, artıq binaya qeyri-rəsmi qaydada 19 milyon qrivna xərclənib.
Saakaşvili isə məsələyə belə aydınlıq gətirib:
«İddia edirlər ki, biz tək icarəyə 9 milyon qrivna xərcləmişik. Əslində isə bu rəqəmə tez və keyfiyyətli avrotəmirin haqqı da daxildir. İcarənin qiymətinin belə olması isə ofisin Odessanın ən yaxşı yerində yerləşməsidir. Hər kvadratmetrin təmirinə 250 dollar xərclənib. Bura mebel də daxildir. Hər kvadratmetrə görə icarə haqqı isə 2 dollardır. Əminliklə deyə bilərəm ki, bunlar bütün ölkə üzrə ən aşağı qiymətlərdir».