XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2017 - 12:10

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nöqsanlar aşkarlandı –Yoxlama materialı

Azərbaycan Respublikası Hesablama Palatasının kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2015-ci il yanvarın 1-dən bu il yanvarın 1-dək olan dövrdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı təsdiq edib.

Palatanın mətbuat xidmətindən bildiriblər ki, cəmiyyətin tabeliyində olan 15 idarədən 9-u yaşıllaşdırma idarəsi, 6-sı isə digər yönümlü (İxtisaslaşdırılmış kompleks mexanizasiya idarəsi, Suvarma sistemlərinin quraşdırılması və istismarı idarəsi, Xəzər dəniz suyunun duzsuzlaşdırılması idarəsi, Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik idarəsi, Kür-Araz boyu və digər yaşayış məntəqələrində istifadə olunan içməli suyun ekoloji standartlarına nəzarət və təminat mərkəzi, Tingçilik idarəsi) idarələrdir.

Audit Cəmiyyətin idarə aparatında və seçmə qaydada tabeli idarələrində həyata keçirilib və ümumilikdə 18631,2 min manat məbləğində vəsaiti əhatə edib.

Cəmiyyət tərəfindən büdcə vəsaitlərinə dair proqnozlar tərtib edilərkən əsas fəaliyyəti üzrə qulluq göstərilən yaşıllıq sahələri əvvəlki illərin faktiki göstəricisinə nisbətən kəskin fərqlə çox göstərilib və nəticədə xərclərə olan proqnoz məbləğləri ötən illərin icra məbləğlərindən çox hesablanıb, büdcə vəsaitinin istifadəsi üzrə əməyin ödənişi ilə bağlı Vahid Tarif Cədvəli üzrə dərəcələrə görə müəyyən olunmuş məbləğlərdən artıq vəsaitlər proqnozlaşdırılıb və icra edilib, büdcə vəsaitlərinə artıq tələbat yaradılıb, öhdəliyə qəbul olunmadığı halda 2015-ci ildə 2 yaşıllaşdırma idarəsinin içməli suya görə əvvəlki dövrün kreditor borcları ödənilib, tabeliyində olan yaşıllaşdırma idarələri üzrə ştat cədvəlləri təsdiq edilərkən vahid yanaşma mövcud olmayıb, uyğun xüsusiyyətli müxtəlif yaşıllıq sahələri üzrə bir bağbana düşən xidmət sahəsi fərqli olub.

Torpağın əkinə hazırlanması və qulluq işlərinin bir sıra hallarda tələb olunan səviyyədə aparılmaması səbəbindən 2015-ci ilin nəticələrinə görə cəmiyyətin 1 yaşıllaşdırma idarəsi üzrə bitiş faizi mövcud normadan 3,2 faiz az olub.

Cəmiyyətin xidmət göstərdiyi bəzi sahələrin yerli icra hakimiyyəti orqanlarının sərəncamları əsasında müvəqqəti istifadəyə götürülməsi büdcə vəsaitlərinin xərclənməsində müəyyən risklər yaradıb, bir halda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin inkişafı departamentinin balansında olan meşə zolağına 2016-cı ilin sentyabr-dekabr ayları ərzində cəmiyyət tərəfindən xidmət göstərilib.

Cəmiyyətin tabeliyində yaşıllaşdırma idarələri tərəfindən salınmış yaşıllıq ərazilərində suvarma və damcılı suvarma sistemlərinin quraşdırılması, təmir-bərpası, yenidənqurulması və onların istismarını həyata keçirən ixtisaslaşmış funksional idarəsi mövcud olduğu halda cəmiyyətin idarə aparatı tərəfindən alınmış bəzi suvarma boru və aksesuarlarının 2015-2016-cı illərdə funksional fəaliyyətinə aid olmayan digər idarələrə verilməsi hallarına rast gəlinib.

Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla müəyyən edilmiş digər nöqsanların ləğv edilməsi, eləcə də nöqsanlara yol vermiş vəzifəli şəxslər üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada zəruri tədbirlərin görülməsi məqsədilə qərarın surəti və müvafiq Təqdimat Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu" Açıq Səhmdar Cəmiyyətinə, həmçinin müvafiq tədbirlərin görülməsinə nəzarətin həyata keçirilməsi məqsədilə qərarın surəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Auditin nəticələri ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə məlumat verilib.

Məlumat "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı"nın 5.7-ci bəndinin icrası məqsədilə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb.