XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 08:00

Maşınların qiyməti nə vaxta qədər enəcək? – Araşdırma

Tez-tez mətbuatda ekspertlərin “avtomobillərin qiyməti xeyli düşəcək”, “2016-cı ildə də maşınlar ucuzlaşacaq” şəklində fikirlərinə rast gəlirik. Açığını deyək ki, bu fikirlər reallığı tam əks etdirmir.

Düzdür, avtomobil bazarında satışlar xeyli aşağı düşüb və bunun bir neçə səbəbi var.

Strateq.az “marja”ya istinadən bildirir ki, avtomobil satışlarının azalmasına ən böyük təsiri devalvasiya göstərdi. Devalvasiya nəticəsində dollar 34% bahalaşdı. Avtomobillər xaricdən dollarla alındığından Azərbaycanda da maşının qiyməti qalxdı.

Devalvasiyadan öncə – ötən ilin fevralında kreditlərin sərtləşdirilməsi də avtomobil satışlarının azalmasına təsir göstərmişdi. Tələbə görə, kreditlə yeni avtomobil alışı zamanı avtomobilin qiymətinin 50 faizi nisbətində ilkin ödəniş edilməlidir, qalan 50 faiz isə kreditlə ödənilə bilər.

Bildiyimiz kimi, Azərbaycanda avtomobillər əsasən, kreditlə alınırdı. Alıcıların çoxunun avtomobilin qiymətinin yarısı qədər pulu olmadığından, satışlar bir az azaldı. Rəsmi satış mərkəzləri lizinq vasitəsilə satışları xeyli bərpa etsələr də, bu, krediti tam əvəz edə bilməyib.

Hazırda satışların aşağı düşməsinin səbəbi çətin iqtisadi vəziyyətlə əlaqədar olaraq, tələbin aşağı düşməsidir. Əhalinin bəzi qruplarının gəlirləri azaldığından, avtomobil almaq barədə fikirləşmirlər. Sabit işi və əlində pulu olanlar isə gözləmə mövqeyini tutublar.

Əslində, gözləməyin yeri yoxdur. Əgər kimsə qiymətlərin daha da düşəcəyini hesab edirsə, yanılır.

İlin sonunun yaxınlaşması ilə əlaqədar olaraq, markalar satış hədəflərinə çatmaq və ehtiyatlarını “əritmək” üçün kampaniyalarda “qaza basıblar”. Avtomobillərin qiymətlərində xeyli endirimlər, satış şərtlərində güzəştlər olunur.  Rəsmi distribütor və dillerlərin bu addımı bəzi şəxslər tərəfindən “qiymətləri daha da endirəcəklər”, – şəkilində şərh olunur.

Bəs avtomobil qiymətləri nə qədər düşə bilər?

Əvvəla, qeyd edək ki, yeni avtomobillərin qiymətləri hər ilin sonunda aşağı salınır. Bu, bazarın mövsümi dinamikası ilə bağlıdır.

ümumiyyətlə, Azərbaycanda avtomobil satışları 3-cü rübün sonlarından başlayaraq azalır və növbəti ilin 1-cü rübündə demək olar ki, ən aşağı satışlar qeydə alınır. Bunun isə iki əsas səbəbi var; birincisi, ona görə ki, ölkəmizdə avtomobilin  texniki pasportunda alındığı il deyil, istehsal ili qeyd olunur. Yəni, siz 2016-cı ilin fevral ayında maşın alsanız, o maşının texniki pasportunda istehsal ili 2015 qeyd olunur. Düzdür, siz həmin maşını bir müddət sonra satdıqda bu, ikinci əl qiymətinə mənfi təsir edir. Lakin avtomobil almaq istəyənlər üçün bu dövr həmişə ən yaxşı dövr olub, çünki il ərzində ən böyük endirimlər bu dövrdə olur. Mart ayından etibarən isə, avtomobil mərkəzlərində istehsal ili 2016-cı il olan avtomobillər öz yerini tutacaq. Təbii ki, həmin avtomobillər buraxılış ili 2015 olan avtomobilin qiymətinə satılmayacaq.

Məsələn, hazırda “Hyundai Santa-Fe”yə 20%-dək endirim olunub. Əvvəllər 30 min 100 manatdan başlayan qiymətlərlə satılan bu avtomobil, hazırda 25 min 100 manatdan başlayan qiymətlərlə təklif olunur. Faktiki olaraq “Santa-Fe” modeli 21 fevraldakı devalvasiyadan əvvəlki qiymətinə satılır. Bu günə ən təhcizatlı “Santa-Fe” 32 min 300 manatadır, halbuki bir neçə ay əvvəl qiymət 39 min 900 manat idi. Düz 7 min 600 manat endirim olub. Amma qiymətlər həmişə belə olmayacaq, çünki “Auto Azerbaijan” şirkətinin anbarında buraxılış ili 2015 olan “Santa-Fe”lər məhdud saydadır. Yeni gətiriləcək “Santa-Fe”lərdə artıq 20% endirim olmayacaq. çünki buraxılış ili 2016 olan avtomobilləri satmaq üçün “Auto Azerbaijan” şirkətinin ilin sonuna qədər vaxtı olacaq. Qısası, rəsmi avtomobil satışı mərkəzlərində qiymətlərin daha da aşağı düşəcəyini gözləmək doğru deyil. Bu üzdən, dekabr-yanvar-fevral ayları avtomobil almağın əsl vaxtıdır.

İkincisi, hər ilin sonunda qiymətlərə endirim olunması avtomobil biznesinin özünəməxsus xarakteri ilə bağlıdır, gərək anbarda avtomobil qalmasın. Bu ona görə edilir ki, 2016-cı ildən vaxt itirmədən buraxılış ili həmin ilə aid olan avtomobilləri sifariş etmək lazımdır. Bunun üçün buraxılış ili 2015 olan avtomobillər satılmalıdır.

Naxçıvanda “NAZ-Lifan” markalı avtomobillərin istehsalını nəzərə almasaq, qalan avtomobillər xaricdən idxal olunur. Bu isə o deməkdir ki, manatın 21 fevraldakı devalvasiyasından sonra, əslində, avtomobillərin qiymətləri məcburən artmalı idi. Fikirləşmək olar ki “o avtomobillər devalvasiyadan əvvəl ölkəyə daxil olub, nə üçün qiymət artırılır?”. Lakin, məsələ, əslində, o qədər sadə deyil. Həmin avtomobillər özləri 21 fevraldan əvvəl ölkəyə daxil olsa da, distribütorlar yüzlərlə avtomobili nağd pula almırlar, onlara görə adətən dollarla müxtəlif banklara borclanırlar. Yəni, distribütor manatla satdığı avtomobilin borcunu dollarla geri ödədiyi üçün qiymətlərini mütləq tənzimləməlidir. Məzənnə dəyişikliyindən sonra bir çox əsas oyunçular – “Hyundai”, “Toyota” və “Nissan” kimi markalar qiymətləri qaldırdılar, lakin daha sonra yenidən salmağa başladılar. Bunun səbəbi isə, qeyd etdiyimiz kimi, avtomobil biznesinin özünəməxsus xarakteri ilə bağlıdır: avtomobil gərək stokda qalmasın. O, hərəkət etməlidir. Bu baxımdan bütün distribütorlar endirimlərə başladılar və böyük endirimlər də edilir.

Bəzi ekspertlərin iddia etdiyi kimi, avtomobil sektorunda distribütorlar 40% mənfəətlə çalışmırlar. Bizim araşdırmamıza, beynəlxalq bazarlarla müqayisələrimizə və bəzi daxili mənbələrimizdən əldə etdiyimiz məlumatl
ara görə, bu sektorda gəlir marjası heç 10%-ə də çatmır. Bunu nəzərə alsaq, hazırda 20%-ə qədər olan endirim o deməkdir ki, distribütorlar böyük zərərlərlə maşın stokunu “əritmək” istəyirlər.

Qeyd etdiyimiz kimi, avtomobil satışı mərkəzləri ehtiyatlarını (stoklarını – anbarda qalan maşınları) “əritmək” üçün gəlir marjalarını minimuma endirirlər, hətta zərərinə satış aparırlar. Əslində, indiki vəziyyətdə ikinci əl avtomobil almaq da sərfəli deyil. Bir-iki il sürülmüş ikinci əl avtomobili almağı düşünən müştəri 2015 model sıfır km. avtomobilə üstünlük verə bilər. çünki arada çox böyük fərq yoxdur.

Məsələn, elə təkrar bazarda buraxılış ili 2015-ci il olan “Santa-Fe” modeli 25-26 min manatdır. Bu məbləğdə pulun üstünü bir az düzəldib, 0 km “Santa-Fe”-yə sahib olmaq olar.

Əvvəlki illərdə Azərbaycana hər ay 7-8 min avtomobil gətirildiyi halda, son aylar gətirilən avtomobillərin sayı 2 min ədədə çatmır. Bu, əhalinin əvvəlki qədər avtomobil almadığına, rəsmi distribütor və dillerlərin də müvafiq olaraq avtomobil satışlarının dəfələrlə azaldığına işarə edir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd və ya 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb. Avtomobil idxalının azalması “Avro 4” standartına keçid, kreditlərin sərtləşdirilməsi, dolların bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin azalması ilə bağlıdır.

Elə rəsmi satış mərkəzləri də satışlarda ciddi azalmanın olduğunu təsdiq edir.

“Hyundai” və “Chrysler Group”un ölkəmizdəki rəsmi distribütoru “Auto Azerbaijan” şirkətinin marketinq departamentindən aldığımız məlumata görə, satışlar ötən ilə nisbətdə 60%-dən çox azalıb.

ölkəmizə 2015-ci ilin yanvar ayında 3870 ədəd, fevral ayında 3161 ədəd, mart ayında 2225 ədəd, apreldə 2484 ədəd, mayda 2172 ədəd, iyunda 1833 ədəd, iyul ayında 1600 ədəd, avqust ayında 1476 ədəd, sentyabr ayında 1565 ədəd, oktyabr ayında isə 1111 ədəd minik avtomobili idxal olunub.

Göründüyü kimi, ən çox avtomobil yanvar-aprel aylarında idxal olunub. Bunun səbəbi ilin əvvəlində avtomobil mərkəzlərinin yeni modellərin idxalını həyata keçirmələridir.

ümumiyyətlə, avtomobil satışlarının 2 dəfə azalması qiymətlərin 2 dəfə düşməsi ilə nəticələnməyib. Sadəcə, bazarda müəyyən faizdə endirimlər var.

Avtomobil idxalının gələn il ən azı bu səviyyələrdə olacağı, çox güman ki, bir az da artacağı gözlənilir. Cəmiyyətdə bu ilin sonu və ya gələn ilin əvvəli ikinci devalvasiyanın olacağı barədə söz-söhbətlər dolaşır. İkinci devalvasiya olduğu təqdirdə, iqtisadi aktivlik bir az da səngiyə bilər. Bu səbəbdən, bir çoxları, xərcləmək yerinə pulunu qoruyub saxlayır. Amma devalvasiyaya görə avtomobil alışını təxirə salmaq doğru deyil. Yenidən devalvasiya olarsa, dollar bir az bahalaşacağından, yenidən avtomobillərin qiyməti yüksələcək. Devalvasiya olmadığı təqdirdə də, təxirə salınmış alışlar tədricən reallaşacaq və bu da avtomobillərə tələbatı artırdığından, rəsmi satış mərkəzlərinin endirimi davam etdirmələrinə səbəb olmayacaq.

Digər tərəfdən, qış aylarında Rusiyadan ölkəmizə pul göndərişləri minimum səviyyəyə düşür. Yaz aylarında Rusiyadan göndərilən pulların nisbətən artacağı və bunun da avtomobil satışlarına müsbət təsir göstərəcəyi gözlənilir.

Qısası, yuxarıdakı faktlara və analizlərə əsaslansaq, qeyd edə bilərik ki, 2016-cı ildə avtomobil almağı planlaşdıran hüquqi və fiziki şəxslər üçün əslində, indi ən yaxşı dövrdür. çünki  mövcud stok satıldıqdan sonra heç bir avtomobil distribütoru yeni məzənnə ilə aldığı avtomobilləri köhnə məzənnə ilə satmayacaq və qiymətlər bahalaşacaq.