XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 16:50

“Tahir Kərimli qeyri-ciddi adamdır…” – Deputatın Elçibəylə bağlı iddiaları sərt qarşılandı

“Vəhdət” Partiyasının sədri Tahir Kərimli Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy və onun hakimiyyəti barədə sərt ifadələr işlədib.

O, “Kanal 13” internet televiziyasına müsahibəsində bildirib ki, Elçibəy öz komandasını və xalqını məhv edib. Parlament seçkiləri ərəfəsində namizəd olduğu Ağsu rayonunda keçirilən mitinqdə Elçibəy barədə ağır ifadələr işlətməsi barədə iddiaları cavablandıran T.Kərimli deyib ki, onun prezidentliyi dönəmində atdığı addımlar səhv və bağışlanmaz idi: “O mitinqdə deyilib ki, Əbülfəz bəy Heydər Əliyevi xilaskar kimi Azərbaycana dəvət etmişdisə, o, bildirməli idi ki, “Sizə təklif edirəm, artıq gətirmişəm o adamı, oturun onunla işləyin”. Tahir Kərimlinin xoşu gəlməyəcəkdi, işləməyəcəkdi. Amma qardaşı ola bilsin qəbul etsin, işləsin. Amma səhv olaraq özləri xilaskar, dost kimi dəvət etdiyi bir insana dedilər ki, vəzifənizi dondurun, müxalifət olun. O vaxtdan da müxalifətçiliyin bünövrəsi əyri qoyuldu. Yalançı müxalifətin bünövrəsi qoyuldu. Yəni hakimiyyətdən yıxılan AXC yalançı müxalifətçilik etdi. özünün dost, xilaskar kimi çağırdığı Heydər Əliyevə qarşı cəmiyyəti böldü, Heydər Əliyevçilərə və Əbülfəzçilərə…

Elə bir vəziyyət yaratdı ki, zaman-zaman öz çatını böyütdü. 2003-cü ildə prezident seçkilərində İsa Qəmbərdən sonra isə müxalifət tamamilə sıradan çıxdı. Yəni on ilə müxalifət özünü birtəhər toplamışdı, istəyirdi ki, bir qədər revanş götürsün, hakimiyyətini bərpa etsin…

Əbülfəz bəylə mənim özümün gözəl münasibətlərim olub. Mən o vaxt gənc idim, ona bir ideal kimi baxırdım, ideallaşdırmışdım. Ancaq tək mənim deyil, on illərlə Azərbaycan xalqının ürəyində bir milli dövlət qurmaq arzusu vardı ki, biz onu reallaşdırmışdıq, o dövlət məhv edildi. On illərlə nəsillərin arzusu yerə vuruldu. Bizim arzularımız məhv oldu. Demokratik Azərbaycan, vahid Azərbaycan qurmaq, milli dövlət qurmaq arzularımız heçə endirildi. Hakimiyyətimiz məhv edildi. Bu gün insanlar yumşaq desək, praqmatik insanlara çevriliblər. İnsanların arzusunda olduğu əqidə, mənəviyyatın yerini mənafe tutub, mən özümdən qisas aldım. Dostum, ağsaqqalım olduğu halda, rəhmətə gedəndə hüzrünə getmədim. Evdə ağladım, amma məni və xalqımı o günə qoyduğuna görə onun dəfnində iştirak etmədim. Milli dövlət qurmaq arzusu quran, min dənə canı olsa, minini də milləti, xalqı yolunda qurban vermək istəyən insanları məhv etdilər. Hamısı o milli hökuməti məhv etdilər. İndi ona görə müxalifət yoxdur. İndi xalq ona görə heç kimə inanmır. Yoxdur artıq o milli dövlət, məhv etdilər, olmayacaq da…”.

Musavat.com T.Kərimlinin fikirlərinə vaxtı ilə onun komandasında təmsil olunan Arif Hacılı Sülhəddin Əkbərdən münasibət öyrənib.

Müsavat başqanı Arif Hacılı T.Kərimlini qeyri-ciddi adam adlandırıb: “Tahir Kərimli qeyri-ciddi adamdır. öz davranışları ilə bir siyasətçi kimi də, şəxsiyyət kimi də iflasa uğrayıb. Elçibəy hökimətinin müəyyən səhvləri olub. O hökumətin ən ciddi səhvlərindən biri də Tahir Kərimli kimi adamın Ali Məhkəmənin sədri təyin olunması olub”.  

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər isə qeyd edib ki, T.Kərimli kimi adamın fikrinə münasibət bildirmək lazım deyil: “Həm də bu məsələlər çox deyilib, müzakirə edilib, hər kəsin mövqeyi də aydındır. Qısaca, o, haqlı deyil. Artıq bu məsələlərə tərəf olan adamlar yox, tarixçilər münasibət bildirməlidirlər. Bu, artıq tarixdir və siyasi mövqeyi olan şəxslərin fikri subyektiv olur. Tarixçilər həmin dövrə münasibət bildirməlidirlər”.