Uzun sürən gərginlikdən sonra Türkiyə ilə barışığa razılıq verən Rusiya bunun üçün 3 şərt irəli sürmüşdü. Kremlin şərtlərinə görə, Ankara insidentə görə üzr istəməli, təyyarəni vuranları cəzalandırmalı və təzminat ödəməlidir.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Rusiyanın bu təklifiylə razılaşmadığını açıqlayıb.
Xarici işlər nazirinin sözçüsü Tanju Bilgiç bu gün “Daily Sabah”a müsahibəsində bildirib ki, Türkiyə bu şərtləri yerinə yetirmək fikrində deyil.
XİN sözçüsü Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkovun bugünkü açıqlamasına da münasibət bildirib.
Meşkov demişdi ki, Türkiyə hökuməti “Su-24” təyyarəsinin vurulmasına görə təzminat ödəməklə yanaşı, bu cür halın bir daha təkrarlanmayacağının təminatını verməlidir.
Bilgiç isə buna cavab olaraq bəyan edib ki, əgər gələcəkdə Rusiya təyyarələri anoloji xətaya yol verməsələr, eyni insident də təkrarlanmayacaq.