Saakaşvili Putinə cavab verdi: “Putinin yalan imperiyası karton evcik kimi dağılacaq”
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin bugünkü mətbuat konfransında onun adının çəkməsini Ukraynadakı fəaliyyəti ilə bağlı olduğunu söyləyib.
Musavat.com-un məlumatına görə, bu barədə Saakaşvili özünün Facebook səhifəsində yazıb.
“Ukraynadakı hadisələrlə paralel olaraq Moskvada Putin həmişə olduğu kimi məni yada salıb. Vladimir Vladimiroviç məni heç cür unuda bilmir də. Mənim Ukraynadakı fəaliyyətim onun qətiyyən xoşuna gəlmir və mən onu başa düşürəm. Əgər biz Ukraynada korrupsiyanın bel sütununu sındırsaq və həqiqətən də dərin islahatlar həyata keçirsək, o zaman Putinin yalan imperiyası karton evcik kimi dağılacaq” – yazıb Saakaşvili.
Qubernator həmçinin, guya ABŞ-ın ona viza verməməsi barədə Putinin iddiasını təkzib edib və pasportunda üç illiyə – 2015-ci ilin yanvarından 2017-ci ilin sonunadək ABŞ-a işgüzar vizasının olduğunu deyib. Az sonra Facebook-da o, vizanın fotosurətini də yerləşdirib.