ABŞ prezidenti Barak Obama hər il olduğu kimi bu dəfə də ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Mətbuat konfransında ən çox maraq və sual doğuran məsələlərdən biri Suriya münaqişəsinin və Bəşər Əsədin aqibəti olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Əsədlə bağlı yekun qərarını açıqlayıb və Suriya liderinin hakimiyyətdən getməli olduğunu bəyan edib: «Əsəd getməlidir. O, əksər vətəndaşlarının gözündə legitimliyini itirib. Və axan qanı durdurmaq üçün prezident postunu tərk etməlidir. Suriya əhalisinin əksəriyyətinin legtimliyini tandığı bir hökumət qurulmadan bu ölkədə sülh olmayacaq».
Obama saatların əqrəblərini geri çəkməyin qeyri-mümkün olduğunu bildirib: «Vaxtı geri qaytarmaq olmaz. Amma Suriya böhranını siyasi yolla həll etmək olar. Əsədin gedişi Suriya xalqı üçün dinlərarası münaqişələrsiz gələcəyə qapı açır. Keçid dövrü ağrılı və çətin olacaq. Amma indiki şəraitdə sülh və sabitliyə aparan başqa asan yol yoxdur».