İŞİD Səudiyyə Ərəbistanını hücumla hədələyib.
Strateq.az xəbər verir ki, bu barədə «Reuters» agentliyi İŞİD-çilərin yaydığı həftəlik nəşrə istinadən məlumat yayıb.
Qruplaşmanı narazı salan Səudiyyənin İŞİD əleyhinə yaratdığı antiterror koalisiyasıdır: «Bu koalisiya ora daxil olan hökumətlərin sonu olacaq».
Nəşrdə yer alan başqa bir yazıda isə Suriya müxalifəti Ər-Riyadda keçirilən konfransda iştiraka görə ittiham olunur.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının təşəbbüsü ilə yaradılan antiterror koalisiyasında 34 İslam ölkəsi təmsil olunur. Onların arasında Qətər, İordaniya, Türkiyə və Misir də var.
Səudiyyə krallığının Müdafiə naziri Salman Əl Səud bildirib ki, koalisiya təkcə İŞİD-ə yox, digər terror təşkilatlarına da qarşı savaşacaq.
Səud onu da qeyd edib ki, koalisiya fəaliyyətini dünya gücləri və beynəlxalq qurumlarla əlaqələndirəcək.