XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 11:23

Moskvada Ankaranı qəzəbləndirən görüş – Dəmirtaş Lavrovla nələrdən danışdı?

Son günlərin ən çox müzakirə edilən mövzularından biri Türkiyənin kürdyönümlü partiyası olan və PKK-nın siyasi qanadı sayılan HDP-nin Rusiyaya rəsmi səfər etmək barədə qəfil qərarı idi.  

Maraq doğuran əsas məqam səfərin Rusiya-Türkiyə münasibətlərinin korlandığı və gərgin olduğu bir vaxtda reallaşması idi. Məlum təyyarə insidentindən sonra dünya mediasında Moskva ilə Ankara arasında gərginliyin PKK-nın işinə yarayacağı, Putinin türklərə qarşı savaşan kürdlərə dəstəyini artıracağı barədə iddialar səslənirdi.

Nəhayət, səfər baş tutdu və HDP sədri Səlahəddin Dəmirtaş bu gün Moskvada Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşdü.

Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəmirtaş görüşdə açar mözvulardan olan təyyarə insidentinə toxunarkən, Ankaranı qəzəbləndirəcək fikirlər səsləndirib.

Dəmirtaş bildirib ki, HDP Rusiya təyyarəsinin vurulmasına qarşı olub və bunu dəfələrlə dilə gətirib: «Rusiya təyyarəsinin vurulmasını doğru addım hesab etmirik. Və bu insidentə görə təəssüfləndiyimizi, hökumətin yanaşmasının yanlış olduğunu dilə gətirmişik. Dövlətlər arasında böhran yaşana bilər. Amma bu böhran hər zaman diplomatik yollarla və dialoqla çözülməlidir». 

Partiya sədri Türkiyə-Rusiya böhranının iki ölkənin əhalisinə zərər verməyəcək şəkildə çözülməsinə tərəfdar olduqlarını da bildirib: «Türkiyə əhalisinin bu böhranın yaranmasında heç bir günahı yoxdur. Bizim bu səfərimiz Türkiyə ilə Rusiya arasında münasibətlərin gərgin olduğu bir vaxtda gerçəkləşib. Eyni zamanda Yaxın Şərqdə də çox tarixi günlər, tarixi problemlər yaşanır.

HDP olaraq biz Türkiyədə çoxşaxəli demokratiyanı bərqərar etmək üçün mübarizə aparırıq. Bütün mədəniyyətlərin və inancların, ayrı-ayrı millətlərin birgə yaşaya biləcəyi bir cəmiyyət olmalıdır. Həm ölkəmizin, həm də qonşu dövlətlərin sülh və əmin-amanlıq içərisində yaşamasını istəyirik».

Türkiyə ilə Rusiya arasındakı tarixi əlaqələrə böyük önəm verdiklərini deyən Dəmirtaş ikitərəfli münasibətlərdə yaranmış problemlərə görə təəssüfləndiklərini dilə gətirib: «HDP Türkiyənin xarici siyasətində gərginlik və bunun üzərindən siyasət yürütmək xəttini qəbul etmir. Bunu hər zaman bəyan etmişik».