ABŞ-ın Rusiyaya qarşı sanksiyaları genişləndirmək barədə qərarına Kremldən ultimativ cavab gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın bu qərarının heç bir məntiqə və sağlam düşüncəyə sığmadığını, Kremlin bu addımı cavabsız qoymayacağını deyib:
«Rusiya bu qərarı cavabsız qoymayacaq. Qarşılıqlı qaydada cavab alacaqlar. ABŞ-ın bu addımına ancaq təəssüf etmək olar. Vaşinqton zamanın tələblərinə uymayan siyasi xətt yürüdür. Təbii ki, bu addımı əvvəlcə geniş təhlil edəcək, sonra da qarşılıq verəcəyik».
“Rusiyanın cavabı”nın nə vaxt olacağına gəlincə, Peskov bildirib ki, bu, birbaşa ölkə başçısının qərarından asılıdır.
Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov isə, ABŞ-ın bu qərarı qəbul edərkən, əsaslandığı bazanın reallığı əks etdirmədiyini bildirib:
«ABŞ-ın dövlət orqanları “zombi” üsulu ilə hərəkət edir. Qoy, Ukrayna hökumətinə təsir etmək barədə düşünsünlər. Amma “zombi” üsulu ilə hərəkət edənlərə bu barədə nəsə deməyin mənası yoxdur».
Xatırladaq ki, dünən ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyaların genişləndirildiyini elan edib. Bu dəfə «qara siyahı»ya 34 hüquqi, fiziki şəxs, həmçinin Rusiyanın və ilhaq olunan Krımın bir neçə şirkəti düşüb.