İraq Kürd Muxtar Vilayətinin referendumla bağlı seçki mərkəzi bu gün toplanıb.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Məsud Bərzaninin sədrliyi ilə keçirilən iclasda referendumun təxirə salınması barədə bəzi dövlətlərin çağırış və təhdidləri ətraflı müzakirə olunub: "Lakin müzakirələrdən sonra müstəqilliklə bağlı keçiriləcək referendumun təxirə salınması haqda edilən bütün çağırış və təhdidlər rədd edilib. Beləliklə, sentyabrın 25-də referendumun keçirilməsi qərarı bir daha təsdiqlənib".
Məlumata görə, iclasda referendumla bağlı İraq mərkəzi hökuməti ilə dialoq yolunun açıq saxlanılması məqbul sayılıb və danışıqlar aparmaq üçün rəsmi Bağdada yeni heyət göndərilməsinə qərar verilib.
Xatırladaq ki, rəsmi Bağdad Bərzaninin referendum israrını qətiyyətlə rədd edir. Hətta ötən gün İraqın baş naziri açıq şəkidə Bərzani və vilayət rəhbərliyini hərbi müdaxilə ilə hədələyib.
Bundan başqa, Türkiyə, ABŞ, İran və bir sıra dövlətlər bu seçkinin keçirilməsinin yolverilməz olduğunu bəyan ediblər. Ancaq görünən odur ki, Bərzani bu çağırış və təhdidlərə boyun əymək niyyətində deyil.
Strateq.az