İndoneziya təhlükəsizlik qüvvələri ölkə prezidenti Coko Vidodoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.
TASS agentliyinin verdiyi xəbərə görə, ötən gün Qərbi Yava əyalətində dövlət başçısına sui-qəsdin təşkil edilməsində şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.
Üzərində partlayıcı qurğu aşkarlanan şəxs Sirebon şəhər hava limanı yaxınlığında saxlanılıb. Məlumata əsasən, şübhəli sui-qəsd cəhdini sentyabrın 19-a, prezidentin helikopter meydançasına gəlişi zamanı həyata keçirməyi planlaşdırıb.
İlkin araşdırmalara görə, saxlanılan şəxs İŞİD-lə əlaqəli yerli ekstremist özəyinin üzvüdür.
Son zamanlar ölkədə baş verən terror aktlarının arxasında İŞİD-lə əlaqəli yerli qruplaşmalarının durduğu güman edilir/APA.