XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 16:40

Ukrayna prezidenti ABŞ-da Rusiyanı hədələdi:"Tamamilə yeni Ukrayna ordusu qurmuşuq"

"Ukraynanın hərbi xərcləri ÜDM-in 6%-dən çoxunu təşkil edir ki, bu da NATO üzvü olan ölkələrin öhdəliyini aşır".

Strateq.az Ukrayna mediasına istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ABŞ-ın “Vest-Point” hərbi akademiyasındakı çıxışı zamanı bildirib.

Poroşenko deyib: “Biz apardığımız mübarizədə ABŞ-ın bizimlə çiyin-çiyinə durması faktını çox yüksək qiymətləndiririk”.

O, ABŞ senatının Ukraynaya hərbi yardım haqda qərarına işarə edərək, vurğulayıb ki, bu addımla ABŞ rəhbərliyi özlərini beynəlxalq hüququn möhkəm və etibarlı müdafiəçiləri kimi göstəriblər: “Ukrayna silahlı qüvvələrinə praktiki yardım göstərməkdə sizin ölkəniz dünya lideri olaraq qalmaqdadır”.

Poroşenko Ukraynanın hərbi xərclərinin artıq ÜDM-in 6%-ni aşdığını bildirərək, artıq Ukrayna ordusunun Rusiyanı durdurmaq gücündə olduğuna da eyham vurub: “Bu rəqəm NATO üzvü olan ölkələr üçün öhdəliklərdən xeyli yüksəkdir. ABŞ-ın dəstəyilə və birgə səylərimizlə biz dünyanın ən güclü ordularından birini durdurmağa qabil, tamamilə yeni Ukrayna ordusu qurmağa nail olduq".

Prezident Poroşenko Ukrayna ordusunun 2014-cü ildəki durumunu və NATO ekspertlərinin Ukraynanın hərbi institutlarına girişini qadağan edən hüquq normalarını da xatırladıb: “Bu normanın arxasında hansı qüvvələrin durduğunu deməyə ehtiyac yoxdur. Bizim parlamentlə məsləhətləşməmiz zamanı mən bu normanın dərrhal ləğv edilməsi göstərişini verdim. Buna görə biz indi Ukrayna Silahlı Qüvvələrində islahatlar üzərində birlikdə işləyə bilirik. Və mən çox fəxr edirəm ki, biz qitənin ən güclü ordularından birini birlikdə yaradırıq”.

Prezident eyni zamanda “Vest-Point” akademiyasının nümayəndələrini ölkənin hərbi institutlarından biri ilə tərəfdaşlıq etmək yoluyla Ukraynada hərbi təhsilə yardım layihəsinə qoşulmağa dəvət edib: “Biz sizi Ukraynada gözləyirik, orada siz hibrid müharibə haqqında çox şey öyrənə və bu sahədə şəxsi təcrübə qazana bilərsiniz”.

Ukrayna prezidenti onu da vurğulayıb ki, döyüşlər zamanı amerikalı təlimatçıların hazırladığı batalyonlar ən yaxşı taktika nümayiş etdiriblər və ən az itki veriblər, ABŞ-ın texniki təchizatı sayəsində isə Ukrayna əsgərləri arasında ölüm halları əhəmiyyətli dərəcədə azalıb.

Ukrayna mediasının xatırlatmasına görə, NATO-nun 2014-cü ildə Nyuportda (Uels) keçirilən sammitində alyansın 28 üzvü qərar qəbul edib ki, 2024-cü ilədək hərbi xərcləri ÜDM-in 2%-dək artırsınlar. Hazırda bu tələbi alyansın 29 üzvündən yalnız 5-i yerinə yetirir.