Suriya hökuməti Cenevrədə müxalifətlə eyni masa arxasında oturub müzakirə aparmağa hazır olduğunu bəyan edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin Xarici İşlər naziri Valid əl-Muallem Pekinə səfəri zamanı açıqlayıb.
Suriyalı nazir bildirib ki, Dəməşq Cenevrədə müxalifətlə diaolq üçün təmasa hazırdır. Lakin Suriya hökuməti həmin görüşdə xarici nümayəndələrin olmamasını tələb edir: «Bizim nümayəndə heyəti müxaliflərin siyahısını əldə edəndən sonra görüşə hazırlaşacaq».
XİN rəhbəri ümid edir ki, bu görüş Suriyada yeni hökumətin formalaşmasına yardım edəcək: «ümid edirik ki, dialoq uğurlu keçəcək və milli hökumətin formalaşmasına kömək edəcək».
Valid əl-Muallem onu da bildirib ki, Suriya hökuməti görüşdə iştirakına icazə verməyəcəkləri terror təşkilatlarının siyahısını da gözləyir. İordaniyanın hazırladığı bu siyahıda Suriyada fəaliyyət göstərən terror təşkilatlarının, eləcə də İŞİD və «Ən-Nüsra cəbhəsi»nin adı var.
Xatırladaq ki, dekabrın 18-də BMT Təhlükəsizlik Şurası Suriyadakı münaqişənin sülh yolu ilə həllini nəzərdə tutan qətnamə qəbul edib. Qətnaməyə görə, 2016-cı ilin yanvarında Suriyada sülh elan olunmalı, keçid hökuməti formalaşdırılmalı və 18 ay ərzində yeni prezidentin seçilməsi üçün səsvermə keçirilməlidir.