XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2017 - 15:24

Prezidentdən Elçin Quliyevə yubiley hədiyyəsi –"Azərbaycan bayrağı" aldı

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə, Elçin İsağa oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə mükafatlandırılıb.

Xatırladaq ki, sentyabrın 22-də Elçin Quliyevin 50 tamam olacaq.

Elçin Quliyev 22 sentyabr 1967-ci ildə Sumqayıt şəhərində anadan olsa da, əslən Naxçıvan MR-in Şahbuz rayonundandır. O, 1984-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi, 1988-ci ildə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini bitirib. 1988-1992-ci illərdə SSRİ Silahlı Qüvvələrində (Sovet Ordusunun Polşada yerləşən Şimal Qrupunda) müxtəlif zabit vəzifələrində xidmət edib, 1992-ci ildə Xudat əlahiddə nəzarət buraxılış məntəqəsinin rəisi, 1996-2001-ci illərdə isə Xudat sərhəd dəstəsinin rəisi vəzifələrində işləyib.

27 mart 2001-ci il tarixindən 31 iyul 2002-ci il tarixinədək Azərbaycan Respublikası Milli təhlükəsizlik nazirinin müavini – Sərhəd Qoşunlarının Komandanı vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 2002-ci il tarixli 743 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı təyin edilib, 5 iyun 2017-ci il tarixinədək bu vəzifədə çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 5 iyun 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 15 avqust 2001-ci il tarixli 556 nömrəli Fərmanı ilə general-mayor, 17 may 2003-cü il tarixli 869 nömrəli Fərmanı ilə general-leytenant, 15 avqust 2014-cü il tarixli 683 nömrəli Sərəncamı ilə general-polkovnik hərbi rütbəsi verilib.

2009-cu ilin mart ayından Azərbaycan Atçılıq Federasiyasının prezidentidir.

Ailəlidir, dörd övladı var.