İraqın Səlahəddin vilayətinə bağlı olan Tuzhurmatu rayonunda şiə milislərindən təmsil olunmuş Haşdi Şabi qrupu ilə İraq Kürd Muxtariyyətinin peşmərgələri qarşı-qarşıya gəliblər.
Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, toqquşma nəticəsində peşmərgələrdən biri öldürülüb.
Faktı Kürdistan Demokratik Partiyasının Tuzhurmatudakı təhlükəsizlik üzər məsul şəxsi Məhəmməd Faiq təsdiq edib.
O bildirib ki, Haşdi Şabi qrupu rayona daxil olmaq istəyən 8 nəfərlik peşmərgə qrupuna atəş açıb: "Atəş nəticəsində 1 peşmərgə öldürülüb, 2-i isə yaralanıb".
Haşdi Şabinin Qərb cəbhəsinin sözçüsü Ali Hüseynli isə peşmərgə ilə toqquşma xəbərini təkzib edib: "Peşmərgə ilə toqquşan qrupun qaynağı bizə məlum deyil".
Xatırladaq ki, bu gün Şimali İraqda Kürd Muxtariyyəti referendum keçirir. Bununla bağlı Bərzani peşmərgəyə bölgədə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün göstərişini verib.