XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 21:04

Prokurorluq daha bir baş redaktora xəbərdarlıq etdi –Heydər Oğuza da “yazma” qadağası qoyuldu

Tanınmış şair-publisist, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz bu gün günorta saatlarında Baş Prokurorluğa çağrılaraq, bir neçə saat sorğu-suala tutulduqdan sonra rəsmi xəbərdarlıq edilməklə sərbəst buraxılıb.

​Strateq.az xəbər verir ki, Heydər Oğuzun Prokurorluğa çağrılmasına səbəb onun Beynəlxalq Bankın hazırda həbsdə olan sədri Cahangir Hacıyevdən götürdüyü yazılı müsahibəni yayması olub.

Xatırladaq ki, Cahangir Hacıyevin müsahibəsinin yayımlanmış birinci hissəsində daha çox hazırki maliyyə naziri Samir Şərifov hədəf seçilib. 

Heydər Oğuzun dediyinə görə, onu Baş prokurorun I müavini Rüstəm Usubov qəbul edib, müsahibənin necə götürüldüyü ilə maraqlanıb və sonda da ona rəsmi xəbərdarlıq edib.

Qeyd edək ki, son vaxtlar Baş Prokurorluq vasitəsi ilə sayt rəhbərlərinə xəbərdarlıq etmək, müəyyən mövzularda yazıların yazılmasına qadağa qoymaq artıq dəb halını alıb və Prokurorluğun bu xəbərdarlıqları sonradan həmin media orqanının fəaliyyətini rəsmi qaydada əngəlləyən təsir vasitəsinə çevrilir. 

Hüquqşünaslar və media ekspertləri isə hesab edirlər ki, Prokurorluğun bu şəkildə jurnalistlərin fəaliyyətinə müdaxiləsi qanunsuzdur və media azadlığını əngəlləməyə, jurnalistlər arasında qorxu yaratmağa və özünüsenzuraya sövq etməyə hesablanıb.