XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 December 2015 - 13:11

2015-ci il: Ermənistanda baş vermiş önəmli hadisələr

Ermenistan-1.jpg

2015-ci il Ermənistanda Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasında xidmət edən əsgərin şəhər sakini Avetisyanlar ailəsinin bütün 7 üzvünün öldürməsindən başlanıb və həmin hadisə ilə bağlı gələn ilin əvvəlində davam etdiriləcək məhkəmə prosesilə başa çatıb.

Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvü oldu

2015-ci il 2 yanvardan Ermənistan rəsmən Belarus, Qazaxıstan və Rusiyanın da daxil olduqları Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olub. Avqustda Qırğızıstan da bu birliyə daxil olur.

Dörd ilə yaxın Avropa İttifaqı ilə assosiasiya və azad ticarət əlaqələri yaratmaq üzrə danışıqlar aparan Ermənistanın prezidenti Serj Sarkisyan 2013-cü il 3 sentyabrda Moskvada Vladimir Putinlə görüşdən sonra ölkənin Gömrük İttifaqına qatılmaq niyyətini bildirdi. May ayında Rusiya, Belarus və Qazaxıstan Astanada Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında müqavilə imzalayır və Ermənistan da İttifaqa üzv olur.

2016-cı il fevralın 1-dən Avrasiya İqtisadi İttifaqı İqtisadi Komissiyası (Aİİ) Kollegiyasına Ermənistanın sabiq Baş naziri, hazırda ABŞ-da Ermənistanın səfiri olan Tiqran Sarkisyan sədrlik edəcək. Aİİ normativlərinə görə, İqtisadi Komissiya Kollegiyasının sədri dörd ildən bir rotasiya əsasında dəyişilir. Hazırda bu vəzifəni Viktor Xristenko icra edir.

Avrasiya İttifaqı layihəsi MDB məkanında fəal tətbiq edilən Rusiya layihəsi hesab edilir.

ABŞ-ın sabiq dövlət katibi Hillary Clinton Aİ-ni bölgənin yenidən sovetləşdirilməsi cəhdi adlandırmışdı.

Gümrü faciəsi

12 yanvarda Gümrü şəhərində Avetisyanlar ailəsinin yeddi üzvü, o cümlədən, sonradan xəstəxanada dünyasını dəyişmiş altıaylıq körpə oğlan uşağı öldürülüb.

Hadisə yerində Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının əsgəri Valeri Permyakova məxsus paltar və silah aşkar edilib. Həmin gün o, Ermənistan-Türkiyə sərhəddində yaxalanaraq hərbi bazanın ərazisinə qaytarılıb və dindirilmə nəticəsində “günahını boynuna alıb”. Hadisədən sonra Yerevanda və Gümrüdə şiddətli etiraz aksiyaları keçirilib. Nümayişçilər Rusiya hərbi bazasının ərazisində saxlanan Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına ötürülməsini tələb edirdi.

Permyakov, Ermənistan orqanlarına təhvil verilmədi, lakin qətl hadisəsinin araşdırılması və məhkəmə prosesinin müvafiq Ermənistan strukturları tərəfindən aparılacağı bəyan edildi. Avqustda Rusiya qarnizon məhkəməsi qeyri-qanuni silah və sursatla hərbi hissənin ərazisini icazəsiz tərk etmək ittihamı ilə Permyakov barəsində 10 il həbs cəza tədbiri seçdi. Qətl maddəsi üzrə məhkəmə dekabrın 18-də başlayıb və bir ay müddətinə təxirə salınıb.

Məhkəmə 102 saylı Rusiya hərbi bazanın ərazisində keçirilir. Məhkəmə prosesini Ermənistan Şirak vilayəti ümumi yurisdiksiya məhkəməsi icra edir.

Avetisyan ailəsinin qohumları, vəkilləri və yerli hüquq-müdafiəçiləri Ermənistan istintaq orqanlarının iş üzrə sərbəst araşdırma apara bilmədiyini bildirir və məhkəmə prosesinin Rusiya hərbi bazasının ərazisində keçirilməsinə etiraz edirlər.

 “Erməni soyqırımının 100 illiyi”

2015-ci il Ermənistanda “erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər” nişanəsi altında keçib. Tədbirlərin əlaqələndirilməsi üçün xüsusi dövlət komissiyası yaradılıb. Ermənistan parlamenti “Erməni soyqırımının 100 illiyi ilə bağlı” bəyanat qəbul edərək, bütün dünya parlamentləri və beynəlxalq təşkilatları Osmanlı Türkiyəsində erməni soyqırımını tanımağa və pisləməyə” çağırıb.

Türkiyə “soyqırım” terminini qətiyyətlə rədd edir və 20-ci əsrin əvvəlində vətəndaş müharibəsi zamanı Rusiya qoşunlarının müdaxiləsini dəstəkləyən və osmanlı hakimiyyətinə qarşı duran 300-500 min erməni və təxminən eyni sayda türklərin həlak olduğunu israr edir.

Türkiyə 1915-16-cı il hadisələrinin “soyqırımı” kimi etiraf edilməsinə çağırışları rədd edir, tarixçilər isə bu hadisələr barədə hələ çox şeyin araşdırılmadığını söyləyirlər.

İl ərzində yüzlərlə tədbirlər, elmi konfrans, forum və sərgilər təşkil edilib. 24 apreldə – “erməni soyqırımı” qurbanlarının xatirə günü müxtəlif ölkə nümayəndə heyətləri arasında Yerevana təşrif buyuran ən yüksək vəzifəli rəsmilər Rusiya, Fransa, Serbiya və Kipr prezidentləri də olub.

Kim Kardaşyan

Ermenistan-2.jpg

Ermənilərin ona münasibəti birmənalı olmasa da, Amerika realiti-şou ulduzu Kim Kardasyan, qızı North və əri – məşhur reper Kanye West-lə – aprel ayında Ermənistana ilk səfəri müəyyən nöqteyi-nəzərdən müsbət amil kimi qiymətləndirilir.

Us Magazine yazdığına görə, “Kim Kardaşyan qohumları ilə erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində əcdadlarının vətəni – Ermənistana” baş çəkmək niyyətindədir.

Kardaşyan bacıları Khloe, Kourtney, qardaşı Rob və “Keeping Up With the Kardashians” realiti-şounun çəkiliş qrupu Ermənistanda 8 gün ərzində şounun yeni epizodlarının çəkilişini aparıblar.

Tanınmış oliqarx “siyasətdən çıxır”

Ermenistan-3.jpg

İlin əvvəlində Ermənistan Milli Məclisinin sayca ikinci fraksiyası və 400 min nəfərə qədər üzvü olan “Firavan Ermənistan” Partiyasının sədri, ölkənin ən varlı adamlarından biri olan Qaqik Tsarukyan “böyük siyasəti” tərk etdiyini elan edir.

ötən ildən Erməni Milli Konqresi və İrs partiyaları ilə “müxalif üçlük” tərkibində Serj Sarkis
yan hakimiyyəti tərəfindən irəli sürülən Konstitusiya dəyişikliyinə qarşı çıxış edən “Firavan Ermənistan” Partiyasının lideri bir neçə izdihamlı kütləvi aksiyalardan sonra prezident Sarkisyan tərəfindən ciddi tənqid atəşinə tutuldu. Serj Sarkisyan fevralın 12-də hakim Respublikaçılar Partiyası idarə heyətinin iclasında Qaqik Tsarukyanı “bir siyasi xadim kimi ölkə üçün bəla” adlandırır. Sarkisyan oliqarx millət vəkilini parlament iclaslarında iştirak etməməkdə, vergi verməkdən yayınmaqda suçlayır, Tsarukyanın Milli Təhlükəsizlik Şurası üzvlüyündən çıxarılması qərarı verir. Bir neçə gün ərzində nüfuzlu oliqarxın və ona malik olan müəssisələrinin mühafizəçiləri həbs olunur, Tsarukyana məxsus obyektlərdə yoxlamalar başlanır.

Mart ayında Qaqik Tsarukyan partiya lideri vəzifəsini və “fəal siyasəti” tərk etdiyini bəyan edir və partiyanın sədri yerinə millət vəkili Naira Zohrabyanı təklif edir. Sonradan Tsarukyanın müəssisələrində aparılan yoxlamalar nəticəsində qanun pozuntuları müəyyən edilmədiyi elan olundu, millət vəkili mandatını özündə saxladı və Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində qaldı. Xanım Zorabyanın rəhbərliyi altında “Firavan Ermənistan” Partiyası prezident Sarkisyanın konstitusiya islahatlarını dəstəklədi və referendumda Konstitusiya dəyişikliyi lehinə səs verməyə çağırdı.

“Elektrik Yerevan”

Ermenistan-4.jpg

İyun ayında elektrik enerjisi tariflərinin növbəti bahalaşması son illər misli görünməmiş şiddətli etiraz aksiyalarına səbəb oldu.

İyunun 17-də İctimai Xidmətlərin Nizamlanması Komissiyası “Ermənistan elektrik şəbəkələri” şirkətinin ərizəsini təmin edərək, avqustun 1-dən elektrik enerjisi tariflərinin təxminən 17 faiz artırılması qərarı qəbul edib. Bahalaşmaya qarşı sosial şəbəkələrdə formalaşmış “Talana yox” vətəndaş hərəkatının təşəbbüsü ilə iyunun 19-da keçirilən oturaq tətil iştirakçıları üç gündən sonra Yerevanın mərkəzində Marşal Bağramyan prospektini bağlayırlar. İyunun 23-də səhər saat 5:30 radələrində polis qüvvələri su şırnaqları ilə etiraz iştirakçılarını dağıdıb, prospektdə nəqliyyat hərəkətini bərpa edir. Polis 237 etirazçını saxlayır. Lakin sabahısı gün etiraz iştirakçılarının sayı qat-qat artır, polis bütün tutulanları buraxır. Nümayişçilər zibil qutularından barrikada qurub iki həftə gecə-gündüz paytaxt Yerevanın mərkəzində Marşal Bağramyan prospektində nəqliyyat hərəkətini iflic edir.

İyunun 27-də prezident Sarkisyan elektrik enerjisi tariflərinin artan hissəsinin hökumət tərəfindən ödənəcəyi və “Ermənistan elektrik şəbəkələri”ndə audit keçiriləcəyini bəyan edir və nümayişçiləri dağılışmağa çağırır. Hakimiyyətin vədlərinə etibar etməyən etirazçıların bir hissəsi prospekti tərk etmir. İyulun 6-da polis prospektdə kiçik sayda qalmaqda davam edən etirazçıları asanlıqla kənarlaşdırıb prospekti açır. Sonradan Yerevanda elektrik enerjisinin bahalaşması ilə bağlı daha bir-neçə etiraz aksiyası keçirilib, lakin onlar əvvəlki kimi izdihamlı olmayıb.

Sentyabrda erməni əsilli Rusiya biznesmeni Samvel Karapetyan Rusiya İNTER RAO korporasiyasına məxsus “Ermənistan elektrik şəbəkələri” şirkətini alıb və Ermənistan energetika sahəsini modernləşdirmək və optimallaşdırmaq üçün islahatlar edəcəyini vəd edib.

“Təhlükəli silahlı dəstənin zərərsizləşdirilməsi”

Ermənistan Milli Təhlükəsizlik Xidməti noyabrın 25-də Yerevanda “mütəşəkkil cinayətkar dəstə”nin zərərsizləşdirildiyini bildirib.

Məlumata görə, dəstəyə 1997-ci ildən İspaniyada yaşayan və bu ilin aprel ayında Ermənistana qayıtmış Artur Vardanyan başçılıq edir. Ermənistan Milli Təhlükəsizlik Xidməti dəstənin Ermənistanda ayrı-ayrı vətəndaşlar, dövlət və siyasət xadimləri, eləcə də müəyyən hakimiyyət strukturlarına qarşı “ağır cinayətlər” hazırladığını bildirir. Dəstənin kirayələdiyi evdə axtarış zamanı müxtəlif tipli avtomat silah, tapança, qumbaraatan, partlayıcı maddə və qurğular, hərbi geyim, zirehli jilet və rabitə vasitələri aşkar edildiyi deyilir. Açılan cinayət işi çərçivəsində 30-dan çox adam, o cümlədən, sabiq Müdafiə nazir müavini Vahan Şirxanyan həbs olunub.

Konstitusiya referendumu

Ermenistan-5.jpg

Dekabrın 6-da Ermənistan Konstitusiyasında dəyişikliklər etmək üzrə ümumrespublika referendumu keçirilib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda iştirak edən təxminən 1,3 milyon (≈50,5%) vətəndaşların 63,37 faizi yeni Konstitusiya layihəsinin lehinə, 32,32 faizi – əleyhinə səs veriblər. Müxalifət səsvermə və səslərin hesablanması nəticəsində çoxsaylı saxtakarlığa yol verildiyini bəyan edir. İqtidar nümayəndələri deyirlər ki, müşahidə olunan pozuntular referendumun yekun nəticələrinə təsir edə bilməz.

Yeni Konstitusiya üzrə Ermənistanda tam parlament idarəetmə sistemi tətbiq edilir, 7 il müddətinə və yenidən seçilmə hüququ olmayan ölkə prezidenti parlament tərəfindən seçilir və prezidentin səlahiyyətləri son dərəcə məhdudlaşır. Müxalifət bu dəyişikliyin ikinci və son prezidentlik müddəti başa çatmaqda olan Serj Sarkisyanın və onun başçılıq etdiyi siyasi qüvvənin hakimiyyətdə qalmasını təmin etmək məqsədi daşıdığını bildirir.

Avropa İttifaqı ilə yeni münasibətlər

Ermənistan Xarici İşlər naziri Edvard Nalbandyan və Avropa İttifaqı Xarici İşlər və Təhlükəsizlik siyasəti üzrə ali komissarı Federica Mogherini Brüsseldə dekabrın 7-də görüş zamanı Aİ ilə Ermənistan arasında ikitərəfli münasibətlərin tənzimlənməsi üzrə yeni sənədin hazırlanmasına dair danışıqlar başlanacağını elan ediblər.

“Bu, 2013-cü ildə baş vermiş qeyri-müəyyənliyi aradan qaldırmağa imkan verər”, xanım Mogherini deyib.

O, həmçinin qeyd edib ki, ikitərəfli müqavilə nəqliyyat, təbiətin qorunması və energetika sahələrində yaxından əməkdaşlıq etmək üçün şərait yarada bilər.

Ermənistan Aİ ilə assosiasiya və azad ticarət zonası yaratmaq haqqında 2013-cü i
ldə müqavilə imzalamalı idi
, lakin 2015-ci ilin yanvar ayından Avrasiya İqtisadi İttifaqına daxil oldu. Buna baxmayaraq, Avropa İttifaqı Şurası Ermənistanla yeni hərtərəfli müqavilə üzrə danışıqlara başlamaq qərarı qəbul edib.

Yeni rusiyapərəst qüvvə meydana gəlir

Ermenistan-6.jpg

Rusiya Erməniləri İttifaqının prezidenti, Rusiyada biznelə məşğul olan Ara Abrahamyan 2017-ci ildə Ermənistanda parlament seçkilərində iştirak etmək üçün siyasi partiya yaratmaq niyyətində olduğunu bəyan edib.

İttifaqın 5-ci qurultayında çıxışında Ara Abrahamyan deyib: “Məqsədlərindən biri Ermənistan-Rusiya münasibətlərini möhkəmləndirmək olan yeni partiyanın proqramı üzərində 100 aparıcı ekspert işləyir”.

Mətbuata sızan məlumatlara görə, yeni partiyanın “Milli birlik” adlanacağı və iqtidaryönlü xarakter daşıyacağı ehtimal olunur.

BBC Azərbaycan xidməti