XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 Dekabr 2015 - 05:54

“Əsas baiskar Elman Rüstəmovdur” – Ekspert
 
Manatın növbəti devalvasiyasından sonra cəmiyyət təşviş içindədir. Əsas narahatlıq manatın yenidən ucuzlaşacağı barədə yayılan fikirlərdir.
 
Ekspertlər də vəziyyətin ciddiliyini vurğulayırlar. “Qara bazar”da isə artıq bir dollar iki manat və daha yüksək göstərilir.
 
Ekspert Əkrəm Həsənovun sözlərinə görə, mövcud problemlərin əsas günahkarı məhz Mərkəzi Bankdır. O, iki əsas funksiyasını yerinə yetirə bilməyib: “Onun iki funksiyası var: pul siyasəti, yəni qiymətlərin sabitliyinin təminatı və bank nəzarəti. Devalvasiya və tüğyan edən inflyasiya göstərir ki, birinci funksiyasını çox pis həyata keçirir. Bankların özbaşınalığı, Beynəlxalq Bankdakı biabırçılıqlar isə sübut edir ki, Mərkəzi Bank banklara nəzarət vəzifəsini çox bərbad icra edir. İllər boyu müstəqil statusundan sui-istifadə edərək, hətta Hesablama Palatası tərəfindən də yoxlanılmayan Mərkəzi Bankın mövcud rəhbərliyi xalqın və prezidentin gözündən pərdə asaraq, hamını vəzifələrini yaxşı həyata keçirdiyinə inandırmışdı. Bəli, devalvasiya qaçılmaz idi və ilk növbədə dünyada gedən proseslərin nəticəsi idi. Cari ildə əksər ölkələrdə devalvasiya olub. Lakin heç yerdə Azərbaycandakı kimi ağır nəticələrə gətirməyib. çünki heç yerdə əhalinin və sahibkarların kütləvi şəkildə dollarla kreditləşdirilməsinə yol verilmir. Bizdə buna Elman Rüstəmov imkan yaradıb”.
 
Ekspert dollar kreditlərindən danışaraq, bu mövzuda fikirlərini bölüşüb: “Dollar krediti olmayan ailə tapmaq çətindir. Bunun nəticəsində sosial gərginlik yaranıb. Əhali narazıdır. Narazı vətəndaşlarımız bəlasının əsas baiskarını tanımalıdır. Bu, Elman Rüstəmovdur. Həmin Elman Rüstəmov banklarla əlbir olaraq indi də əhaliyə və sahibkarlara faktiki olaraq deyirlər ki, canınız çıxsın, borcunuzu ödəyin, qanunlar sizin əleyhinizədir, məhkəmələr əleyhinizə qərarlar çıxaracaq. Başqa sözlə, dövlətimizə, onun hakimiyyət qollarına inamsızlıq hissi yaratmağa çalışırlar. İmkanı olan borcunu mütləq ödəməlidir, lakin qanun çərçivəsində. Qanun isə deyir ki, faizlər ildə bir dəfə tutulmalıdır, kredit ödənişindən ilk növbədə cərimə tutula bilməz, vəziyyət əhəmiyyətli dərəcədə dəyişdikdə kredit müqaviləsinə dəyişiklik edilə bilər, o cümlədən kreditin valyutası manata çevrilə bilər. Qanun deyir ki, vətəndaşın imkanı yoxdursa, o, krediti ödəmir, vətəndaşın yaşayış minimumu toxunulmazdır. Lakin bankları bunun əksini deyir və edir. Banklarla problemi olan vətəndaşlar birləşərək məhkəməyə üz tutmalı və qanunvericilik çərçivəsində haqlarını tələb etməlidirlər. Banklar isə əhalini məhkəmələrlə qorxudur. Mən deyirəm ki, məhkəmələr insanlarımızı müdafiə edəcək, banklar isə hamını inandırmağa çalışır ki, qərarlar həmişə bankların xeyrinə olacaq”.
 
Ekspert Natiq Cəfərli isə qeyd edib ki, artıq dolların 2 manat, 2,50 olması haqqında şayiələr dolaşır: “Görək Mərkəzi Bank nə deyəcək, indi şayiələrdən pul qazananlar ortalıqdadır. Sadəcə, problem odur ki, nə Mərkəzi Banka, nə hökumətə inam qalmayıb”.
Ekspert manatın real məzənnəsindən də danışıb: “Təəssüf ki, bizdə iqtisadiyyat olmadığından, iqtisadi təsisatlar qurulmadığından, sovetvari inzibati sistem davam etdiyindən, manatın real məzənnəsini söyləmək çox çətindir. Yeganə istinad edilə biləcək rəqəmlər ölkəmizin ticarət dövriyyəsidir ki, burada da problemlər var, yəni ölkədən çıxan, ölkəyə gətirilən malların dəqiq statistikası, real qiyməti bilinmir. Tək bilinən xam neftin satışıdır ki, bunu da ingilislər edir, çıxarır-daşıyıq-satır, pulunu da Neft Fonduna köçürür, bir tək neftin statistikası dəqiqdir. 
 
İxracatda da neftin, qaz və neft məhsulları ilə birlikdə payı 94 faiz civarındadır, yəni ixracatda rəqəm gizlətmək olmur, başqa heç nə ixrac etmirik onsuz da. Amma yenə də bəzi real sektorun məhsullarında korrupsiya sxemlərinə görə dəyəri azaldıla bilər, bu ehtimal var. Amma əsas dərd idxaldadır, rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq var, korrupsiya mexanizmləri ölkəyə gətirilən mallar aşağı qiymətlərlə rəsmiləşdirilir. Rəsmi rəqəmlərə görə bu ilin ilk 11 ayında ölkəyə 8,2 milyard dollarlıq mal gətirilib. 
 
Amma, çox güman ki, real rəqəm, gətirilən malların real dəyəri bundan, azı 50 faiz çoxdur, yəni reallıqda bu 12-13 milyard dollardır. Sadə dillə desək, ölkədən tək idxala görə 12-13 milyard dollar çıxıb, satdığımız isə tək neftdir, ixracatımız 11 ayda 10,6 milyard dollar olub, yəni reallıqda ticarət balansımız azı 2,5-3 milyard dollar mənfi saldoya malikdir. 
 
Qısası, satdığımızdan daha çox mal almışıq, ölkədən dollar axıb-gedib. Amma dollar axınının başqa kanalları da var: Online alış-veriş, bilet alışı, otel bronu, mərc oyunları və s. İldə totalizatorlara 50 milyon dollar pul çıxır ölkədən. Nəğd şəklində qonşu ölkələrə yatırım üçün çıxan vəsait, Rusiyadakı iş adamlarının əvvəl burada yatırım üçün aldıqları əmlakın, maşınların, qızılın satışa çıxarılıb, geri Rusiyaya daşıması, iri və orta məmurların xaricə axıtdıqları vəsait də daxildir. Bütün bunları da hesablasaq, ortalama, ölkədən bu 11 ayda 15-16 milyard dollar çıxıb, “manat niyə ucuzlaşır, Mərkəzi Bankın ehtiyatları niyə əriyir” suallarının cavabı buradadır. Hökumət bizə idxal-ixrac əməliyyatlarındakı real rəqəmləri desin, biz də manatın real kursunu hesablaya bilək”. 
 
Musavat.com