XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 15:03

“Vəziyyət bir qədər də qəlizləşsə…” – İqtisadçıdan manatla bağlı açıqlama

“Valyutadəyişmə məntəqələrinin bağlanması planı gözlənilən idi və ölkədən kapital axının qarşısının inzibati üsulla alınması istiqamətində atılmış addımlardan biri kimi qiymətləndirmək olar”.

Strateq.az xəbər verir ki, bunu tanınmış iqtisadçı Samir Əliyev deyib.

Onun sözlərinə görə, əsas məqsəd maliyyə axınlarına nəzarəti gücləndirməkdir:

“ölkədə çoxlu sayda valyutadəyişmə məntəqələri fəaliyyət göstərir və onların fəaliyyətinə bir sıra hallarda nəinki Mərkəzi Bank, hətta onlara lisenziya verən banklar belə nəzarət edə bilmirlər. Bir sıra hallarda iri məbləğdə vəsaitlər bank sektoruna daxil olmadan birbaşa valyutadəyişmə məntəqələri vasitəsilə satılır. Yəni manat kütləsi dollara çevrilərək ya ölkədən çıxarılır, ya da ən yaxşı halda ölü kapitala çevrilir”.

S.Əliyev bildirib ki, hazırda ölkədə güclü kapital axını var və bu, manata əlavə təzyiq yaradır:

“Manat üçün neftdən sonra ən böyük təhlükə məhz kapital axınıdır. Kapital axının yaxın aylarda da davam edəcək. Hökumət isə bunun qarşısını hələ ki, inzibati yolla almağa çalışır. Onlardan biri də məhz valyutadəyişmə məntəqələrinin sayının məhdudlaşdırılmasıdır. Valyutadəyişmə məntəqələrindəki “liberallıq” dövrü artıq başa çatmaq üzrədir. Hələ ki, məhdudlaşdırma böyük həcmli pula tətbiq edilir. Vəziyyət bir qədər də qəlizləşsə, bir müddətdən sonra Rusiya təcrübəsi, yəni xüsusi blank doldurmaq proseduru tətbiq edilə bilər”.

İqtisadçının sözlərinə görə, ilin sona çatması, yəni büdcə ilinin bağlanması fonunda dövriyyəyə böyük həcmdə manat kütləsinin buraxılması və həmin vəsaitin dollara çevrilməsi bazarda yaşıl pula tələbatı artırıb:

“Mərkəzi Bankın ehtiyatı səmərəsiz istifadə edildikdən sonra minimuma enib və qənaət rejiminə keçib. Ona görə də bazara lazımi valyuta çıxara bilmir.

Qarşıdan uzun qeyri-iş günləri gəlir. Bazarın çoxlu dollara tələbatı var. Mərkəzi Bank bu barədə düşünməlidir”.